UEFA avrokubokların mükafat fondunu açıqladı - 3,5 milyard avro
13.07.2022 - 11:46
UEFA avrokubokların mükafat fondunu açıqladı - 3,5 milyard avro

UEFA 2022/23 mövsümündə avrokubokların mükafat fondunun bölüşdürülməsi sxemini dərc edib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu ümumilikdə 3,5 milyard avro ayırıb.

Bunun 465 milyon avrosunu Avropa Liqasında çıxış edən klublar, 235 milyonunu isə Konfrans Liqasının iştirakçıları alacaq. Mükafatın böyük hissəsi Çempionlar Liqasına (ÇL) gedəcək – 2 milyard 32 milyon avro. ÇL-də pley-offa qədər irəliləyib qrup mərhələsinin bir addımlığında dayanan klubların hər biri 5 milyon qazanacaq. Qrupa yüksələnlərin gəliri isə 15,64 milyon avro olacaq.

Qrupdakı hər qələbə 2,8 milyon, heç-heçə isə 930 min avro gətirəcək. Ən nüfuzlu klub turnirinin 1/8 finalına çıxmaq klublara 9,6 milyon, 1/4 finala 10,6 milyon, yarımfinala 12,5 milyon, finala yüksəlmək isə 15,5 milyon qazandıracaq. Çempionlar Liqasının qalibi əlavə 4,5 milyon əldə edəcək.

Həmçinin UEFA Superkuboku uğrunda matçın iştirakçıları da hərəyə 3,5 milyon, qalib isə əlavə 1 milyon avro qazanacaq.

Qeyd edək ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ” I təsnifat mərhələsində Polşa təmsilçisi “Lex”i üstələyərək (0:1, 5:1) növbəti raunda yüksəlib. Ağdam klubunun II təsnifat mərhələsindəki rəqibi İsveçrə “Sürix”i olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0