Millətlər Liqasında yeni mövsümə gözlənilmədən Belçika üzərində böyükhesablı qələbə ilə başlayan Niderland yığması bu gün səfər oyununa çıxacaq.
Apasport.az saytının məlumatına görə, Lui van Qalın yetirmələri DÇ-2022-yə vəsiqə qazanmasına baxmayaraq, turnirin ilk görüşündə Polşaya uduzan Uelsin qonağı olacaq.
2010/11 mövsümündə “Tvente”nin heyətində Niderland çempionu olan Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov bugünkü qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. 33 yaşlı veteran futbolçu səfərdə çıxış etməsinə baxmayaraq, Niderlandı matçın favoriti adlandırıb:
Millətlər Liqası böyük yığmalara lazımlı turnir deyil. Sadəcə, bu komandalar üçün yoldaşlıq görüşü əvəzinə belə bir yarış yaradılıb. Ancaq seçmə mərhələdən final mərhələsinə çıxmaq şansı az olan zəif yığmalar üçün Millətlər Liqası yaxşı şansdır. Həm daha çox oyun keçirirsən, həm də Avropa və ya dünya çempionatına vəsiqə imkanın olur.
O ki qaldı bugünkü oyuna, Niderland yığması son vaxtlar çox yaxşı oyun nümayiş etdirir. Qrupun ilk turunda da Belçikaya 4:1 hesabı ilə qalib gəldilər. Uels isə inanmıram ki, əsas qüvvə ilə oynasın. Çünki onlar dünya çempionatına vəsiqəni qazandılar, yeni gəncləri sınamaq vaxtıdır.
İndiki durumda Niderland rəqibindən çox güclüdür. Təbii ki, matçın gedişatından çox şey asılı olur. Ancaq Niderland səfərdə oynamasına baxmayaraq, üstünlüyü onlara verirəm. Son vaxtlar sərgilədikləri gözəl futbol onların qələbəsini düşünməyə vadar edir. Yeni nəsil gəlir və onlar indi fərqli dönəm yaşayırlar.
Proqnozum: Niderland qalib gələcək.