Avropa Cüdo Birliyinin rəsmi saytında gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Estoniyanın paytaxtı Tallində təşkil olunmuş Avropa çempionatındakı uğuru barədə məqalə dərc olunub.
Apasport.az xəbər verir ki, “Fidan əsl çempiondur!” başlıqlı yazıda yığmanın baş məşqçisi Elxan Məmmədov cüdoçuların çıxışını təhlil edib.
Fərdi yarışların medal sıralamasında birinci olub, komanda yarışlarında qızıl medal qazandıqlarını xatırladan mütəxəssis millinin dörd gün boyunca öz tonusunu saxladığını qeyd edib: “Yarışın dördüncü və sonuncu günündə də vəziyyət dəyişmədi. Komanda yarışlarında Fransa ilə həyəcanlı final duelindən sonra qızıl medalı qazandıq. Bu medal bizim üçün taclandırıcı bir uğur idi. Tallindəki dörd gün bizim üçün bundan yaxşı keçə bilməzdi. Biz doqquzuncu medalımıza, beşinci qızıla inandıq. Həlledici görüş üçün püşkatma zamanı Fidan Əlizadəyə (57 kiloqram) dedik ki, sən əsl çempionsan, ardıcıl ikinci dəfə uduzmayacaqsan! Bu mənə Praqadakı nəsli xatırladır. Onda Vüsal Qələndərzadə (73 kiloqram) də qaliblər sırasında idi. Onun ozamankı komanda yoldaşı Elcan Hacıyev artıq bu il Paris Yay Olimpiya Oyunlarında iştirak etdi. İnanıram ki, bu nəsil “Los-Anceles-2028” üçün də eynisini edə bilər. Onlardan üç-dördünün, hətta daha çoxunun Olimpiada üçün potensialı var”.
Baş məşqçi oktyabrda Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək gənclər arasında dünya çempionatından gözləntilərini də bölüşüb: “Cüdoda bunu demək çətindir. Əlbəttə ki, rəqabət daha da güclüdür və işlər həmişə bu dörd gündə olduğu kimi mükəmməl getməyə bilər. Amma medal cədvəlində bir nömrə olmaq ən azı Düşənbə üçün də hədəfimizdir”.
Qeyd edək ki, Azərbaycan cüdoçularından Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram), Vüsal Qələndərzadə (73 kiloqram) və Süleyman Şükürov (81 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) və Aslan Kotsoyev (90 kiloqram) gümüş, Şamil Tuncay (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) bürünc medal qazanıblar.