1-14 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək kişi boksçular arasında dünya çempionatında Böyük Britaniya idmançıları iştirak etməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə Böyük Britaniya Boks Federasiyasının mətbuat xidməti məlumat yayıb:
"Böyük Britaniya boksçuları kişilərin qarşıdan gələn çempionatında iştirak etməyəcəklər. Bu, boksun Olimpiya proqramında gələcəyi ilə bağlı davam edən narahatlığını və Beynəlxalq Boks Assosiasiyasının (IBA) Rusiya və Belarus idmançılarına yarışa icazə verməklə bağlı son qərarını əks etdirir. Onlar öz milli bayraqları altında yarışacaqlar ki, bu da Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bu ölkələrin idmançılarının iştirakı ilə bağlı mövqeyinə ziddir”.
Qeyd edək ki, Böyük Britaniya idmançıları mart ayında Hindistanın Yeni Dehli şəhərində keçirilmiş qadınların dünya çempionatında da iştirak etməyiblər. Bundan əvvəl ABŞ, Polşa, İsveçrə, Niderland, İrlandiya, Çexiya, İsveç, Kanada və Ukrayna boks federasiyaları kişi və qadınların dünya çempionatında iştirakdan imtina etdiklərini açıqlayıb.
Onu da bildirək ki, prezidenti rusiyalı Umar Kremlyov olan IBA hələ ötən ilin oktyabrın 5-də rusiyalı və belaruslu boksçuların öz bayraqları altında yarışa biləcəkləri barədə qərar çıxarıb. BOK-un İcraiyyə Komitəsi isə yalnız martın 28-də bu ölkə idmançılarının neytral statusda yarışa biləcəklərinə dair beynəlxalq federasiyalara tövsiyə verib.