Danışılmış oyunlarda şübhəli bilinən daha 10 idmançı cəzalanıb.
Apasport.az saytının məlumatına görə, bunu Ümumdünya Peşəkar Bilyard və Snuker Assosiasiyası açıqlayıb.
Çindən olan 10 snukerçi diskvalifikasiya edilib. Bu barədə qərar “Sportradar”la birgə aparılan araşdırmalardan sonra verilib.
Lyan Venbo, Lu Nin və Li Xan daha ağır əməllərdə ittiham olunur. Onlar danışılmış oyunlarla məşğul olmaqda, belə matçlarda iştirak üçün “World Snooker Tour”un digər iştirakçılarına xahiş ünvanlamaqda, istintaqa maneçilik törətməkdə, snukerə mərc verməkdə günahlandırılır.
Yan Bintao, Çjao Sintun, Çjan Tszaynkan, Çen Zifen, Çen Binyu, Çjao Tszyanbo və Bay Lannin də danışılmış oyunlar, belə matçların təşkilində iştiraka görə cəzalanıb. Bütün snukerçilər yekun qərar verilənə qədər bütün yarışlardan kənarlaşdırılıb. Bunun üçün assosiasiya araşdırma sənədlərini Müstəqil İntizam Tribunalına verib.