Mariya Stadnik Kimdir? Qadın Güləşinin Azərbaycanlı Əfsanəsi Haqqında Bilməli Olduqlarımız
02.08.2024 - 14:44
Mariya Stadnik Kimdir? Qadın Güləşinin Azərbaycanlı Əfsanəsi Haqqında Bilməli Olduqlarımız

Mariya Stadnik kimdir?

Mariya Stadnik 1988-ci ildə dekabrın 3-də Lvov şəhərində anadan olub. 2000-ci ildə güləşlə məşğul olmağa başlayıb. Lvov Dövlət Bədən Tərbiyəsi Universitetini bitirib.

Mariya Stadnik 2007-ci ildən güləş üzrə Azərbaycan yığmasının heyətində çıxış edir. O, Azərbaycan idmanının ən titullu idmançılarından biridir. 

Mariya Stadnikin neçə Olimpiya medalı var?

Ölkəmizi Paris Yay Olimpiya Oyunlarında da təmsil edəcək Mariya Stadnik dörd dəfə Olimpiya medalına yiyələnən üç qadın güləşçidən biridir.

Mariya Stadnikin Olimpiada nəticələri

Stadnik karyerası ərzində dörd dəfə Olimpiya Oyunlarında mübarizə aparıb.

2008-ci ildə Çində, 2021-ci ildə Yaponiyada bürünc medallara yiyələnib. 2012-ci ildə Londonda, 2016-cı ildə isə Rio-de-Janeyroda final görüşlərində məğlub olaraq gümüş medal qazanıb. 

Mariya Stadnikin Dünya Çempionatı nəticələri

Stadnik güləş üzrə Dünya Çempionatlarında altı dəfə medal qazanıb. 2009-cu ildə Herninqdə, 2019-cu ildə isə Astanada Dünya Çempionatının qalibi olan güləşçimiz 2011, 2014, 2015 və 2018-ci illərdə turnirin gümüş medalına sahib çıxıb.

Mariya Stadnikin Avropa Çempionatı nəticələri

Avropa Çempionatları tarixinin ən çox qızıl medal qazanan güləşçisi Mariya Stadnikdir. O, mübarizə apardığı 9 Avropa Çempionatında heç bir görüşdə məğlub olmayaraq yüz faizlik nəticə göstərib. 

Mariya Stadnik həm də 2015-ci ildə Azərbaycanda keçirilən I Avropa Oyunlarının, 2019-cu ildə isə Belarusda baş tutan II Avropa Oyunlarının qalibi olub. 

Mariya Stadnikə verilən mükafatlar

Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən on dəfə ilin ən yaxşı idmançılarından biri seçilən Mariya Stadnik Beynəlxalq Güləş Federasiyası tərəfindən 2011-ci ilin ən yaxşı qadın güləşçisi seçilib.

Mariya Stadnik Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2008-ci il tarixli 3017 nömrəli Sərəncamına əsasən “Tərəqqi medalı” ilə, 31 avqust 2012-ci il tarixli 2399 nömrəli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən “Şöhrət” ordeni ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Mariya Stadnikin şəxsi həyatı

Mariya Stadnikin həyat yoldaşı sərbəst güləşçi Andrey Stadnikdir. Andrey Stadnik 2008-ci il Olimpiya Oyunlarında gümüş medala sahib olub. Mariya onunla 2000-ci ildə tanış olub və 2007-ci ildə ailə həyatı qurub. Cütlüyün 2010-cu il təvəllüdlü İqor adında bir oğlu və 2013-cü il təvəllüdlü Mia adında bir qızı var.

 Mariya Stadnikin baldızı qadın güləşçi Yana Rattiqandır. Birləşmiş Krallığı təmsil edən Yana 2010 və 2013-cü illərdə Avropa Çempionatının gümüş medallarına sahib olub. Mariya Stadnikin eltisi isə güləşçi Alina Stadnikdir. Alina Stadnik Dünya və Avropa çempionatlarının qalibi olub.  


 

writer photo
Əlirza Əlirzalı
0