Çempionlar Liqasının dünənki oyunları bukmeker kontorlarındakı yaddaqalan uduşla əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, proqnozsevər ən böyük intriqa doğuran D qrupunun görüşlərinə böyük məbləğdə pul qoyub.
“Sportinq” – “Ayntraxt” və “Marsel” – “Tottenhem” görüşlərinə mərc edən better hər iki qarşılaşmada qonaqların ən azı 2 qol vuracağına proqnoz verib. Rusiyalının kuponundakı 1,5 Üstlərin ümumi əmsalı 4,994-ə bərabər olub.
Risk edən better 300 min rubl (8 min 70 manat) qoyuluş edib. Hər iki matçda hesabı meydan sahibləri açıb.
Geridönüşə ümid edən proqnozsevərin istəyi gec də olsa gerçəkləşib. Almaniya klubu sona 10 dəqiqə qalmış oyunda dönüş yaradıbsa, “Tottenhem” 90+5-ci dəqiqədə rəqibin kobud səhvindən yararlanıb. Bu, mərc həvəskarına 1 milyon 498 min 200 rubl (40 min 301,58 manat) uduş gətirib.
Qeyd edək ki, intriqalı qrupda “Tottenhem”lə “Ayntraxt” Çempionlar Liqasının 1/8 finalına, “Sportinq” Avropa Liqasının pley-offuna yollanıb.