Dünən keçirilən oyunlarla Çempionlar Liqasının (ÇL) qrup mərhələsində III tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, son oyunların ardından IFFHS maraqlı statistik göstəricilər və yeni rekordlar ortaya çıxarıb.
- “Real” “Şaxtyor”la oyunda (2:1) qapıya 36 zərbə vurub. Bu, son 15 ildə ən yaxşı üçüncü göstəricidir. 2007-ci ildə “Milan” “Seltik”in (1:0), 2016-cı ildə isə “Real” “Roma”nın qapısı istiqamətinə 38 zərbə vurub.
- “Real” meydana 10 əcnəbi, “Şaxtyor” isə 11 ukraynalı futbolçu ilə çıxıb. Donetsk təmsilçisi 2014-cü ildən sonra tam olaraq yerlilərə güvənən ilk klubdur. 8 il əvvəl “Atletik” 11 ispaniyalıya start heyətində şans verib. 11 əcnəbi ilə meydana çıxan ilk komanda isə “Porto” olub.
- PSJ-nin hücumçusu Lionel Messi “Benfika” ilə oyunda (1:1) fərqlənərək, Çempionlar Liqası tarixində 40 fərqli komandaya qol vuran ilk oyunçu ünvanına yiyələnib.
- Messi klub karyerasında ən çox qol vuran oyunçuların sıralamasında ikinci pillədəki Romarioya çatıb. Hazırda hər ikisinin aktivində 691 top var. Sadəcə, Messi beynəlxalq turnirlərdə daha çox fərqləndiyi üçün ikinci sıraya yüksəlib. Onları 699 qolla Kriştiano Ronaldo qabaqlayır.
- “Mançester Siti”nin heyətində “Kopenhagen”lə qarşılaşmada (5:0) dubl edən Erlinq Haland ÇL-dəki heyrətamiz qol nisbətini 1,27-yə (22 oyunda 28 qol) çatdırıb. Turnir tarixində 98 komanda norveçli forvarddan pis göstəriciyə malikdir.
- “Mançester Siti”nin digər hücumçusu Julian Alvares isə həmin matçda fərqlənməklə, Çempionlar Liqasında “siftə” edib. O, turnir tarixində qol vuran 100-cü argentinalı olub. Hazırda ən nüfuzlu klub turnirində 100-dən çox fərqli qol vuran 8 ölkə oyunçuları var: Braziliya (230), Fransa (208), İspaniya (168), Almaniya (145), İtaliya (116), Niderland (112), Portuqaliya (102), Argentina (100).
- Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqem 19 yaş 98 günlüyündə ÇL-də (“Sevilya” ilə oyunda – 4:1) komandasına kapitanlıq etməklə, sarğını qoluna taxan ən gənc 3-cü oyunçu olub. İngiltərəli yalnız Ruben Neveş (“Porto” - 2015-ci il, 18 yaş 221 gün) və Mattiys de Liqtdən (“Ayaks” - 2018-ci il, 19 yaş 51 gün) geri qalır.
- Anxel Di Mariya “Yuventus”un Hayfa “Makkabi”sinə vurduğu hər 3 qolun (3:1) məhsuldar ötürməsini verib. Argentinalı 2002-ci ildən bəri ÇL matçında İtaliya klubunun heyətində 3 assist edən ilk oyunçudur. Sonuncu dəfə 20 il əvvəl “Milan” forması altında Ruy Kosta “Deportivo” ilə qarşılaşmada bunu bacarıb.