Dünən keçirilən oyunlarla Çempionlar Liqasının (ÇL) qrup mərhələsində V tura yekun vurulub.
Apasport.az saytının məlumatına görə, “Sevilya”dan sonra İspaniyanın digər təmsilçiləri “Barselona” və “Atletiko”nun da pley-off yolu bağlanıb.
İspaniyanı növbəti mərhələdən yalnız “Real” təmsil edəcək. IFFHS İspaniya klublarının uğursuzluqları ilə bağlı statistik məlumatlar dərc edib.
- Çempionlar Liqası tarixində ilk dəfə İspaniyanın 3 klubu (“Barselona”, “Atletiko”, “Sevilya”) qrupdan çıxa bilməyib. Üstəlik, hər üçü sona bir tur qalmış mübarizədən kənarlaşdırılıb.
- “Barselona” 5-ci dəfə qrup səddini aşa bilməyib. İkinci dəfə son oyun öncəsi bu reallaşıb. İlk belə hal 1997-ci ildə yaşanıb.
- “Barsa” ÇL-in ilk 27 ilində yalnız 2 ev oyununda 3 və daha çox top fərqi ilə uduzub. Bu, son iki ildə 4 dəfə baş verib (“Yuventus”a 0:3, PSJ-yə 1:4, “Bavariya”ya iki dəfə 0:3).
- “Barselona” “Bavariya” ilə keçirdiyi son 6 görüşün hamısında məğlub olub. Ümumi top fərqi 4:22-dir.
- Çempionlar Liqası tarixində 3-cü dəfədir ki, kataloniyalılar bir matçda rəqib qapısına bir dəfə də zərbə vura bilmir. Üç görüşün hamısı son 13 ayda olub (2021-ci il sentyabrın 14-də “Bavariya”ya 0:3, sentyabrın 29-da “Benfika”ya 0:3 və dünən “Bavariya”ya 0:3).
- Robert Levandovski “Barselona” ilə ÇL-də keçirdiyi 5 qarşılaşmada “Bavariya”nın heyətində bu turnirdə oynadığı son 43 matçdakı qədər (3) məğlubiyyət alıb.
- Levandovski 2011/12 mövsümündən bəri ilk dəfə turnirin qrup mərhələsində mübarizədən kənarlaşdırılıb. O, buna qədər son 10 mövsümün hamısında pley-offda iştirak edə bilib.
- Yulian Naqelsmann (“Bavariya”) ÇL tarixində “Barselona”ya qarşı 4 oyunda qalib gələn ilk məşqçi olub (Joze Mourinyo 3 qələbə ilə ikinci sıradadır).