Tomas Tuxelin "Bavariya"nın baş məşqçi postundakı fəaliyyəti istənilən kimi alınmayıb.
Apasport.az saytı xəbər verir ki, yeni çalışdırıcı ilə 4 oyun keçirən Münhen klubu bu matçlardan ikisində qələbə qazanıb, ikisində uduzub.
49 yaşlı mütəxəssislə ölkə çempionatında Dortmund “Borussiya”sı (4:2) və “Frayburq” (1:0) qarşılaşmalarda 3 xal əldə edilsə də, kubok oyunlarında məğlubiyyət qeydə alınıb. Onlar “Frayburq”a uduzaraq (1:2) yarışla vidalaşıb.
Tuxelin komandası ardınca Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə “Mançester Siti”yə böyük hesabla məğlub olub - 0:3.
Bu, həm də “Bavariya”nın son 1,5 ildə ən böyük məğlubiyyətidir. Komanda sonuncu dəfə 2021-ci ilin oktyabrında Almaniya kubokunda “Borussiya”ya (Münhenqladbax) 0:5 hesabı ilə uduzub.
Qeyd edək ki, “Bavariya” aprelin 19-da “Mançester Siti”ni qəbul edəcək.