Vaxtilə "Neftçi", "Qarabağ" kimi komandalarda oynamış, indi isə 1-ci liqa təmsilçisi "İmişli"ylə razılığa gələn Elşən Abdullayevin apasport.az saytına müsahibəsi:
- "İmişli"yə keçidin haqqında danışardın...
- İmişli təmsilçisinə keçidimdən məmnunam. Bu transferin başlıca səbəbkarı Əsgər Abdullayevdi. Məhz millimizin sabiq baş məşqçisi məni uzun zamandır ki, tanıyır. Onun rəhbərliyi altında "Neftçi"də də oynamışam. Odur ki, Əsgər müəllimin dəvətini məmnuniyyətlə qəbul etdim. Düşünürəm, "İmişli"də özümü yaxşı tərəfdən göstərib komandama fayda verəcəm.
- Cari futbol ilindən "İrəvan"ın 1-ci liqada çıxışına icazə verilsə də, komanda qeyri-peşəkarlığı ilə diqqət çəkir. Orda bir çox xoşagəlməz hallar baş verdi. Səncə, mövsümün əvvəlində bu kluba keçməklə səhv qərar vermədin?
- Səhv qərar deməzdim. "İrəvan" iddialı idi və çempionata da yaxşı başlamışdı. Sadəcə sonradan bəzi maddi sıxıntılar oldu. Təbii ki, heç kim komandada belə halın olacağını gözləmirdi. İstəməzdik ki, klubda xoşagəlməz hallar olsun. Amma futbolda belə hallar da olur. "İrəvan"a bundan sonrakı fəaliyyətində uğurlar arzu edirəm.
- "İrəvan"da o qədər də şans qazanmadın. Səbəb nə idi?
- Zədələr imkan vermədi...
- Zədələr səndən əl çəkmir. Bəs hazırda vəziyyət necədir?
- Şükürlər olsun. Artıq zədəmi sağaltmışam. Məşqlərdə səylə çalışıram.
- Azərbaycan futbolunun gələcək ulduzlarından hesab olunurdun. Amma "Qarabağ"dan ayrılandan sonra karyeranda eniş başladı. Bunun nə ilə izah edərdin?
- "Qarabağ"dan ayrıldıqdan sonra "Sabah"a keçdim. Masazır təmsilçisində mövsümə pis başlamadım. Lakin sonra ağır zədə aldım ki, nəticədə bir müddət kənarda qaldım. Zədəmi sağaltdıqdan sonra isə şans verilmədi. Belə olduqda əvvəlki formamdan uzaq düşdüm.
- Fevralın 5-də 30 yaşını qeyd edəcəksən, geriyə baxanda karyeran haqqında nə deyərdin?
- Əlbəttə, daha yaxşı karyeram ola bilərdi. Amma geriyə yox, irəli baxmağı düşünürəm. Ümid edirəm bunda sonra hər şey qaydasında olacaq və kayeramda uğur qazanacam.
- Karyeran ərzində ölkə xaricinə çıxmaq şansın olubmu? Olubsa, niyə dəyərləndirməmisən?
- Təkliflərim olub. Sadəcə çıxış etdiyim əvvəlki komandalarda müqaviləm olduğu üçün keçid baş tutmayıb.
- Zədələrə görə əziyyət çəkdiyini dedin. Karyeranı sonlandırmaq haqqında düşünmüsənmi?
- Yuxarıda qeyd etdiyim kimi, artıq zədəmi sağaltmışam. Hələ ki, futbol oynamaq gücündə və həvəsindəyəm. Karyeramı sonlandırmaq haqqında düşünmürəm. Yenidən elitada oynamağı hədəfləyirəm. Bunu "İmişli"ylə çempion olaraq həyata keçirsəm, çox xoş olardı.
- Həm Premyer Liqamızın, həm də 1-ci liqanın ilk raundunu necə xarakterizə edərdin?
- Səmimi deyim ki, cari mövsümdə hər iki çempionatımızda rəqabət artıb. Hazırda həm elitada, həm də 1-ci liqada gərgin mübarizə gedir. Hesab edirəm ki, intriqa mövsümün sonuna qədər davam edəcək.
- Yetirməsi olduğun "Neftçi" və sabiq komandan "Qarabağ" haqqında nə düşünürsən?
- Həm "Neftçi", həm də "Qarabağ" Azərbaycanın ən dəyərli klublarındandır. Onların şərəfini qorumaq mənə nəsib olub. Hər 2 klub çempionatımıza rəng qatır. Düşümürəm ki, adı çəkilən klublar Premyer Liqanın 2-ci raundunda maraqlı oyunlarıyla diqqət çəkəcək. Hər birinə uğurlar arzu edirəm.
- Miodraq Bojoviçlə "Neftçi" əvvəlki əzəmətini qaytara biləcəkmi?
- Hələ ki, serbiyalı mütəxəssisi cəmi bir rəsmi oyunda iş başında görmüşük. "Ağ-qaralar"ın "Sabah"la səfər oyununa görə qiymət versək, komanda pis oynamadı. Məncə, Miodraq Bojoviç futbol fəlsəfəsini "Neftçi"yə aşılayacaq və uğur qazanacaq.
- Səncə, bu mövsüm də "köhlən atlar" asan çempion olacaq?
- Belə deməzdim. Düzdü, "Qarabağ" hazırda ən yaxın izləyicisini 14 xal qabaqlayır. Amma futbol 90 dəqiqə oynanıldığı kimi çempionat marafonu da sona qədər davam edir. Çempionatımızın 2-ci yarısının daha gərgin keçəcəyinə əminəm. Odur ki, heç bir komandanın, o cümlədən "Qarabağ"ın da qızıl medallar uğrunda asanlıqla irəliləyə bilməyəcəyi qənaətindəyəm.
- "Qəbələ" yoxsa "Kəpəz" elitada qalmaq üçün daha şanslıdır?
- Əslində, heç birinin elitanı tərk etməsini istəməzdim. Amma reallıq odur ki, bir klub 1-ci liqaya yuvarlanmalıdır. Həm "qırmızı-qaralar", həm də "sarı-göylər" turnir cədvəlinin zirzəmisində yer almamaq üçün sonuncu tura qədər döyüşəcəklər.
- Vaxtilə yığmamıza da dəvət almısan. Hazırda ölkənin əsas komandası xoş günlərini yaşamır. Necə düşünürsən, yenə Azərbaycan seçməsinin sükanı əcnəbi məşqçiyə həvalə olunmalıdır?
- Bu fikirlə razı deyiləm. Əksinə son illərdə millimizin daha yaxşı çıxış etdiyini düşünürəm. Həmçinin yığmanın heyətində yer alan oyunçular potensialına və səviyyələrinə görə tarixin ən yaxşılarıdır. Azərbaycan millisinin oyun planında inkişaf var. Sadəcə nəticələrimiz arzuolunan deyil. Amma bu məsələnin də yaxın zamanda həll olunacağını düşünürəm. Hesab edirəm ki, yerli məşqilərimizdən birinə şans verilsə daha yaxşı olar.
Abdulla İsmayıloğlu