Azərbaycan taekvondoçuları Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında 4 medal qazanıblar.
Apasport.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan İlyas Hətəmli 1/4 finalda Rusiya təmsilçisi Yeqor Jirkovu məğlub edib. Yarımfinalda tailandlı Puriç Madsamanı üstələyən idmançımız həlledici görüşdə özbəkistanlı Behruz Salimova uduzaraq gümüş medalla kifayətlənib.
55 kiloqramda yer alan Ziya Həsənli ilk görüşündə rusiyalı Lvov Nurgunu yenərək yarımfinala adlayıb. Finala gedən yolda belaruslu Stepan Hoidzaya məğlub olan taekvondoçumuz bürünc medal uğrunda qarşılaşmada Nurislam Yunusovdan güclü olub.
63 kiloqram çəki dərəcəsində mübarizə aparan Vasif Səlimov 1/4 finalda rusiyalı Andrey Artemenkoya, yarımfinalda isə qazaxıstanlı Beket Bolatulına qalib gəlib. Həlledici döyüşdə özbəkistanlı Cahongir Sırikbayevdən üstün olan Azərbaycan təmsilçisi qızıl medala sahib çıxıb.
Qız taekvondoçular arasında isə 63 kiloqram çəki dərəcəsində yarışan Fatimə Həsənova özbəkistanlı Zilola Mamirova ilə mübarizədən qalib ayrılaraq yarışda 3-cü yeri tutub.