Bakıda voleybol məşqçiləri üçün beynəlxalq texniki kurs start götürüb.
Apasport.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə baş tutan 3-cü səviyyəli kursu ölkəmizdə bütün idman növləri arasında ilk dəfə keçirilir.
Noyabrın 15-də start götürən seminar noyabrın 22-dək davam edəcək.
Bu gün keçirilən açılış mərasimində AVF-nin vitse-prezidenti Faiq Qarayev, MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov, AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova, FIVB-nin məşqçi-instruktoru almaniyalı Peter Nonnenbroich və rumıniyalı Dan Girleanu iştirak ediblər.
Ümumilikdə 14 nəfərin iştirak etdiyi seminarda yerli məşqçilərlə yanaşı, İran və Malayziyadan gələn mütəxəssislər iştirak edirlər. Kursun rəhbəri almaniyalı Peter Nonnenbroich, ikinci təlimçi isə ölkəmizdə bundan əvvəl də qonaq olmuş (2019-cu ildə FIVB Level-2 kursuna rəhbəri etmişdir) rumıniyalı Dan Girleanudur. Seminar nəzəriyyə və təcrübədən ibarət olacaq. Noyabrın 22-də isə imtahan təşkil ediləcək.
Qeyd edək ki, imtahanın nəticələrinə uyğun olaraq bu mərhələni uğurla keçəcək mütəxəssislərin adları bəlli olacaq və onlar FIVB-nin ən yüksək sertifikatını əldə edəcəklər.