“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi
11.05.2024 - 20:39
“Heydər Əliyev kuboku”nun qalibləri müəyyənləşdi

Naxçıvanda voleybolçu qızlar arasında “Heydər Əliyev kuboku” uğrunda turnir keçirilib.

Apasport.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə mayın 6-dan 10-dək davam edən birincilikdə 8 komanda mübarizə aparıb.

Muxtar respublikanın 100 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş turnirdə bu gün final oyunu və bağlanış mərasimi baş tutub.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan həlledici matçda “Naxçıvan” və “Sədərək” komandaları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən qarşılaşmada sədərəkli voleybolçular 2:0 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olublar. “Naxçıvan” ikinci, “Culfa”nı məğlub edən “Kəngərli” isə üçüncü olub.

Qaliblərə diplom, medal və kubok təqdim olunub. Həmçinin yarışın rəmzi komandasında yer alan voleybolçulara fərdi mükafatlar verilib.

Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov, təhsil naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Elxan Nəcəfov, Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev və digərləri təqdim ediblər.

writer photo
Əlirza Əlirzalı
0