Fevralın 29-da Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Voleybol Federasiyası (AVF) arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Apasport.az xəbər verir ki, MOK-un inzibati binasında keçirilən imzalanma mərasimində əvvəlcə layihənin icrası ilə bağlı videoçarx nümayiş olunub.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Voleybol Federasiyasının son illərdə həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildirib. “Kompleks İnkişaf Modeli” barədə danışan MOK rəsmisi buraya məşqçilər üçün texniki kursların, milli idman sistemlərinin və gənc atletlərin inkişafı layihələrinin daxil olduğunu deyib. O, həmçinin MOK-un əvvəlki illərdə AVF ilə əməkdaşlığından söz açıb.
AVF-in prezidenti Şahin Bağırov əməkdaşlıqdan məmnunluğunu bildirib, bu işbirliyinin ölkəmizdə voleybolun inkişafına daha güclü təkan verəcəyinə əminliyini ifadə edib. Ölkəmizdə idmanın kütləviliyinin artırılmasında Olimpiya hərəkatının mühüm rolunu xüsusi qeyd edən AVF prezidenti regionlarda voleybol yarışlarının keçirilməsinə başlandığını diqqətə çatdırıb.
Sonra niyyət protokolu imzalanıb.
Protokola əsasən, tərəflər arasında voleybolun Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına və tövsiyələrinə uyğun hərtərəfli, sistemli inkişafı üçün məşqçi hazırlığı, idmançıların yetişdirilməsi, ehtiyat qüvvənin hazırlanması, həmçinin digər sahələrdə əməkdaşlığa dair tədbirlər keçiriləcək.
Sənəddə voleybol üzrə milli və ya regional mərkəzin yaradılması ilə bağlı strateji fəaliyyət planın hazırlanması, beynəlxalq səviyyəli məşqçi kurslarının təşkili, idmanın bu növü üzrə gənc istedadların müəyyənləşdirilməsi, yeniyetmə gənclər, o cümlədən məktəblilər arasında voleybolun təbliği və təşviqi məsələləri də əksini tapıb.