Şahin Bağırov məşqçi və legioner oyunçularla görüşdü
29.04.2023 - 20:56
Şahin Bağırov məşqçi və legioner oyunçularla görüşdü

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bu gün ölkə çempionatlarında çıxış etmiş komandaların məşqçiləri və legioner oyunçularla görüşüb.

Apasport.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan görüşdə federasiya rəhbəri ilk olaraq həm çempionatda, həm də dünən başa çatan “Heydər Əliyev kuboku”nda qalib gələn komandaları təbrik edib.

Şahin Bağırov bildirib ki, voleybolun ölkəmizdə daha da populyarlaşmasında hər bir məşqçinin böyük əməyi olmalıdır: “Biz ölkə çempionatında iştirak edən komandaların sayını artırmalı və klublarımızı gücləndirməliyik. Həmçinin bölgələrimizdə məşq keçən mütəxəssislərə və uşaqlara kömək etməliyik. Burada olan və olmayan məşqçilər hamı bir olmalı və Azərbaycan voleybolu üçün əlindən gələni etməlidir. Məşqçilər gənc voleybolçular yetişdirməli və bu idmançıların ölkəmizdə və xaricdə yüksək nəticələr əldə etməsi üçün çalışmalıdırlar. Hər birimiz bilirik ki, idman sağlamlıqdır. Biz nə qədər çox gəncimizi voleybola cəlb etsək, daha sağlam, güclü gənc nəslə sahib olarıq. İşimizin bir hissəsi də məhz bu olmalıdır. İnanıram ki, biz birlikdə qarşımıza qoyduğumuz bütün məqsədlərimizə çatacağıq”.

Daha sonra iclasda iştirak edən məşqçilər AVF rəhbərinə bu görüş üçün təşəkkür ediblər. Mütəxəssislər voleybolumuzun daha da inkişaf etdirilməsi, regionlarda populyarlığının artırılmasına bundan sonra da səylə çalışacaqlarını, bu istiqamətdə qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Məşqçilərlə keçirilən görüşün ardınca Şahin Bağırov çempionatda iştirak edən legioner voleybolçularla da görüşüb. Federasiya rəhbəri idmançıların problemləri ilə maraqlanıb, onlara ölkə çempionatımızda çıxış etdiklərinə görə təşəkkür edib və növbəti mövsümdə hər birinə uğurlar arzulayıb.

writer photo
Əlirza Əlirzalı
0