Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə yüksəlib.
Apasport.az saytının məlumatına görə, yığmamız buna təsnifat mərhələsinin son turunun oyununda nail olub.
D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriya ilə səfərdə keçirilən qarşılaşma başa çatmamış 2-ci yeri təmin edib. İlk iki setdə 25:14 və 25:20 hesabı ilə qələbə qazanan voleybolçularımız bu görüşdə ən azı 1 xal əldə edəcək.
Bununla da yığmamız Avstriya üçün əlçatmaz olub. Qarşılaşmadan öncə 9 xala malik komandamız rəqibini 2 xal qabaqlayırdı.
Millimiz hamısı ardıcıl olmaqla 10-cu dəfə Avropa çempionatında oynayacaq. Bu ənənəni AVRO-2005-də başlayan komandamız iki dəfə turnirin yarımfinalçısı olaraq 4-cü yeri tutub.
Bu dəfə voleybolçularımız 4 ölkədə təşkil olunan AVRO-2023-ə yüksəlib. Yarışın final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək.
Qeyd edək ki, millimizin yer aldığı D qrupunda 1-ci yeri Sloveniya, 4-cü pilləni Gürcüstan tutub.