Afrika Futbol Konfederasiyası mövsümün ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Afrikanın ən yaxşısı olmağa 10 futbolçu iddia edir.
Bunlar Sadio Mane (“Bavariya” / Seneqal millisi), Riyad Mahrez (“Mançester Siti” / Əlcəzair), Məhəmməd Salah (“Liverpul” / Misir), Karl Toko-Ekambi (“Lion” / Kamerun), Vensan Abubakar (“Əl-Nasr” / Kamerun), Sebastyen Alle (“Ayaks” / Fil Dişi Sahili), Nabi Keyta (“Liverpul” / Qvineya), Əşrəf Hakimi (PSJ / Mərakeş), Eduard Mendi (“Çelsi” / Seneqal) və Kalidu Kulibalidir (“Napoli” / Seneqal).
İlin komandası adı uğrunda Burkina Faso, Kamerun, Misir, Mərakeş və Seneqal yığmaları mübarizə aparacaq.
Qaliblər konfederasiyanın texniki komitəsinin, jurnalistlərin, milli komandaların baş məşqçiləri ilə kapitanlarının səsverməsi ilə müəyyənləşəcək.
“CAF Awards 2022” iyulun 21-də Mərakeşin Rabat şəhərində keçiriləcək.