Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Slovakiya yığmasının kapitanı Marek Hamşik milli karyerasını başa vurub.
Apasport.az saytının məlumatına görə, bunu 34 yaşlı yarımmüdafiəçi özü açıqlayıb.
“Trabzonspor”un pleymeykeri bundan sonra yığmada oynamayacağını söyləyib: “Qərar vermək mənim üçün asan olmadı. Uzun müddət düşündükdən sonra 15 illik milli karyeramı bitirməyin doğru olduğu qənaətinə gəldim. Yığmanı 50-dən çox oyuna kapitan kimi çıxardım, dünya və Avropa çempionatına qatıldım. Bu illər ərzində birgə çalışdığım məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm”.
Qeyd edək ki, Marek Hamşik Slovakiya yığmasının heyətində 129 oyun keçirib.