Müdafiəçi Jerar Pikenin yüksək maaşı “Barselona”ya yeni transferləri qeydiyyatdan keçirməyə mane olur.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 35 yaşlı ispaniyalıya 2022/23 mövsümündə 52 milyon avro ödəməlidir.
Bu məbləğə vergidən əvvəlki maaş, koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış ödənişlər, həmçinin müdafiəçinin 2021-ci ilin yayında oyunçu qeydiyyatı ilə kluba kömək etmək üçün sonradan almağa razılaşdığı maaşın bir hissəsi daxildir. Pike ona ödənilməli olan məbləğin 70 faizindən çoxunun təxirə salınmasına razılıq vermişdi.
“Barselona”nın prezidenti Joan Laporta müdafiəçi və onun nümayəndəsi Arturo Kanaleslə görüşüb. Prezident indiki durumda 52 milyon avronu ödəməyin mümkünsüz olduğunu bildirib və vitse-kapitandan ödəniş qaydalarında dəyişiklik edilməsini istəyib. Onlar eyni zamanda Pikeni maaşının azaldılmasına razılaşmağa çağırıb.
Qeyd edək ki, Jerar Pike ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 39 oyunda 3 qol vurub.