“Barselona”nın hazırkı baş məşqçisi Xavi son 15 ildə qalibiyyət faizinə görə kataloniyalıların ikinci ən uğursuz məşqçisidir.
Apasport.az xəbər verir ki, 43 yaşlı mütəxəssisin “Blauqrana”nın sükanı arxasında qələbə faizi 62,16 faizdir.
Hətta klubun sabiq çalışdırıcısı Enrike Setiyen də keçirilən matçların 64%-də qələbə qazanıb. Bu göstəriciyə görə Xavi yalnız hollandiyalı baş məşqçi Ronald Kumanı (58,2%) qabaqlayır.
İspaniya La Liqasında keçirilən 16 turdan sonra “Barselona” 34 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Kataloniyalılar lider “Jirona”dan 7 xal geri qalırlar.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir. O, komanda ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb. 2022/2023 mövsümündə kataloniyalılar 43 yaşlı mütəxəssisin rəhbərliyi altında İspaniya çempionu olmaqla yanaşı, ölkə Superkubokunu da qazanıblar.