Yay fasiləsində “Sumqayıt”dan ayrılan Camaləddin Xocaniyazov ölkəsi Rusiyada “RİA Novosti”yə müsahibə verib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi Azərbaycanda keçirdiyi günləri yada salıb.
Xocaniyazov eyni zamanda Azərbaycanla Rusiya futbolunu da müqayisə edib.
- “Sumqayıt”dan ayrılmağınıza nə səbəb oldu?
- Klubla müqaviləyə xitam verdik, hazırda azad agentəm. Klub qalmağı təklif etdi, lakin evdən ötrü darıxdığım üçün ayrılmaq qərarına gəldim. “Sumqayıt”da iki ildən çox vaxt keçirdim. Düşünürdüm ki, bu qədər kifayətdir. Hazırda formada qalmaq üçün Rusiya Premyer Liqası komandasında məşq edirəm. Amma hansı klub olduğunu deməyəcəyəm.
- Rusiya Premyer Liqasında klub axtarırsınız?
- Nəinki elita, hətta Birinci Liqadan gələcək təklifləri nəzərdən keçirməyə də hazıram. Orada yaxşı komandalar var. Hazırda məşq etdiyim komanda ilə danışıq aparırıq, ancaq hələ konkret nəsə yoxdur. Başa düşürəm ki, belə məsələlər tez həll olunmur.
- İki il əvvəl “Sumqayıt” variantı necə yaranmışdı?
- Həmin vaxt ardıcıl olaraq bir neçə zədə almışdım. Sonra çoxdan tanış olduğumuz klub prezidentindən təklif aldım. Məni əvvəlcə bir il “Sumqayıt”da oynamağa dəvət etdi, sonra daha bir il qaldım. Düzünü desəm, gözləntilər əvvəlcə orta idi. Yerli liqa haqda az şey bilirdim, heç vaxt izləmirdim. Avropada tez-tez çıxış edən “Neftçi” və “Qarabağ” barədə təbii ki, məlumatlı idim. Amma reallıq gözləntilərimi üstələdi.
- Tam olaraq necə?
- Həqiqətən də, Azərbaycanda çoxlu yaxşı oyunçular, keyfiyyətli əcnəbilər var. Həm də əla şərait qurulub. Bazalar, meydançalar - hər şey yüksək səviyyədədir.
- Azərbaycanda çox pul verirdilər?
- Maaş baxımından Rusiya Premyer Liqası ilə ancaq “Qarabağ”ı müqayisə etmək olar. Digər klublar Birinci Liqa səviyyəsində müsbət və ya mənfi şərtlər təklif edirlər. Ancaq eyni zamanda hər şey stabildir, ödənişi vaxtında edirlər.
- “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi “Ferensvaroş”un baş məşqçisi vaxtilə “Amkar”da sizə rəhbərlik etmiş Stanislav Çerçesovdur. Onu necə xatırlayırsınız?
- “Amkar”dakı dövr asan deyildi, amma yenə də inkişaf baxımından çox maraqlı idi. Orada niyə az oynadığımız deyə bilmərəm. Stanislav Çerçesov özü heç vaxt izahat vermədi, mən də soruşmadım. Ola bilsin, həqiqətən də, onu qane eləməmişəm. İşində çox intizamlıdır. Təkcə futbolçulara deyil, hamıya qarşı tələbləri yüksəkdir. Təbii ki, bu yaxşıdır. Mənə az şans versə belə, ona qarşı kinim yoxdur. Ümumiyyətlə, karyeramda heç kimdən incikliyim olmayıb.