Voyçex Şesni yayda yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.
Apasport.az saytı xəbər verir ki, “Yuventus”un 32 yaşlı polşalı qolkiperi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Bu transfer “qırmızı şeytanlar”la razılaşması yayda bitəcək David De Xeanın klubdan gedəcəyi halda rəsmiləşəcək. Çünki ispaniyalı qapıçı hələlik yeni sözləşmə ilə bağlı “Mançester Yunayted”ə qərarını açıqlamayıb. Həmçinin komandada ən yüksək ödənişli oyunçulardan olan Xeanın maaşının azaldılmasına hansı reaksiyanı verəcəyi də bilinmir.
Qeyd edək ki, Polşa millisinin də şərəfini qoruyan Şesni 2009-2017-ci illərdə İngiltərədə “Arsenal” və “Brentford ” klublarının şərəfini qoruyub.