"Fənərbaxça" qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Mançester Yunayted"in hücumçusu Antoni Marsialla yaxından maraqlanır.
"Fənərbaxça" gələn həftə Çempionlar Liqasının "Qalatasaray"la matçı üçün İstanbula gələcək "Mançester Yunayted" rəhbərliyi ilə görüşəcək və 27 yaşlı forvard üçün rəsmi təklif göndərəcək.
Marsial özü də "Mançester Yunayted"dən ayrılmağa isti yanaşır. Fransa millisinin üzvü Avro-2024 öncəsi daha çox forma şansı qazanacağı kluba keçmək və yenidən milliyə çağırılmaq istəyir.
Qeyd edək ki, "Mançester Yunayted" Antoni Marsialı 2015-ci ilin yayında "Monako"dan transfer edib. Ön xətt oyunçusu cari mövsümdə "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.