“Fənərbaxça” Türkiyə millisinin üzvünə elçi düşüb.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” Çağlar Söyüncünün transferi üzərində işləyir.
Hazırda İspaniyada “Atletiko”nun şərəfini qoruyan müdafiəçi də klubunu dəyişməyin əleyhinə deyil. 27 yaşlı oyunçu yayda gəldiyi Madrid təmsilçisində daha çox ehtiyatda qalır.
Cari mövsüm cəmi 5 matçda 74 dəqiqə forma geyinən təcrübəli futbolçu qışda komandasını dəyişməkdə maraqlıdır. AVRO-2024-ün final mərhələsində millidə olmağı hədəfləyən Çağlar “Fənərbaxça”da oynamaq niyyətindədir. Artıq ispanlarla danışıqlara start verən İstanbul klubunun rəhbərliyi arxa xətt oyunçusunu yanvarda icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, İngiltərənin “Lester” və Almaniyanın “Frayburq” klublarında çıxış etmiş Söyüncünün La Liqa klubu ilə razılaşması 2027-ci ilin yayında başa çatacaq.