“Krasnodar" üçün 50 qol vurub, 50 məhsuldar ötürməsi verə bilərəm. Bəli, düşünürəm ki, mən bunu bacaracağam. Artıq uzaq məsafədən məhsuldar oyunçu ola biləcəyimi göstərmişəm. Bunun üçün çalışacağam. Hər bir idmançının əsas məqsədi inkişafdır. Bu alınarsa, təkcə özümə deyil, kluba da xeyir verərəm. Belə şeylər çox vacibdir".
Apasport.az xəbər verir ki, bunu qış transfer pəncərəsində "Qarabağ"dan "Krasnodar"a keçən Kadi Borjis deyib.
26 yaşlı yarımmüdafiəçi “Krasnodar"da 50 qol vurmaq və 50 qolun ötürməsini etmək bacarığında olduğunu qeyd edib. Həmçinin, braziliyalı futbolçu indiki klubu ilə Çempionlar Liqasında oynamaq arzusunda olduğunu bildirib:
“Krasnodar”a yaxşı futbolçular lazımdır. Çalışacağam ki, “Krasnodar”a ilk kubokları qazandırım. Həqiqətən də “Krasnodar”la kuboklar qazanmaq istəyirəm. Bu mənim və klub üçün vacibdir. Və təbii ki, nə vaxtsa "Krasnodar"la Çempionlar Liqasında oynamaq arzusundayam”.
Qeyd edək ki, Kadi ötən ay "Qarabağ"dan "Krasnodar"a keçib. O, 2021-ci ilin yayından Ağdam təmsilçisində çıxış edirdi. Qeyri-rəsmi məlumata görə, "Qarabağ" bu keçiddən təxminən 5 milyon avro qazanıb. Futbolçu hazırda zədəli olduğundan, "Krasnodar"da oynaya bilmir.