“Start heyətində 9 dəyişiklik etdim. Alınmasaydı, məsuliyyət mənim boynuma olacaqdı. Amma işə yaradı”.
Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının XXXVII turunda “Sauthempton” üzərində əzmkar qələbəni (2:1) dəyərləndirərkən deyib.
Almaniyalı mütəxəssis meydançaya buraxdığı ehtiyat qüvvədən razılıq bildirib: “Komandamdan məmnunam, çox təsiredici oynadıq. Bu uşaqlar sadəcə möhtəşəmdir. Onların sayəsində qarajda həmişə “Ferrari” var. Onları meydana buraxanda nəticə verirlər. Bəzilərinin sonuncu dəfə nə vaxt oynadığına əmin deyiləm. Məsələn, Takumi Minaminonun tez-tez oynamaması cinayətdir. Aleks Oksleyd-Çemberleyn meydançaya çıxmayıb, amma əla formadadır”.
Qeyd edək ki, Premyer Liqada sona bir tur qalmış turnir cədvəlinin ikinci pilləsində yer alan “Liverpul” (89 xal) lider “Mançester Siti”dən 1 xal geri qalır.