Karyerasını Taylandda davam etdirən Məmməd Quliyevin apasport.az saytına müsahibəsi
- Yeni komandana keçidin necə baş tutdu? Başqa haradansa təklif almışdın?
- Başqa klublardan təkliflər var idi. Amma büdcə baxımından yüksək olan təkliflərə baxırdım. Sonda təklif "Uttaradit"dən gəldi. Bu sərfəli təkliflə razılaşdım. Düşünürəm ki, doğru qərar vermişəm.
- Yeni komandada məqsəd və hədəflərin nədən ibarətdir? Daha üst liqaya çıxmağınız mümkündür?
- Hədəf yalnız çempionluq və ikinci liqaya yüksəlməkdi. Əsas məqsədimiz budur. Düşünürəm ki, güclü komandamız var. Bunu da bacara bilərik.
- Yəqin ki, Tayland yüksək liqasında oynamaq əsas hədəfindir? Bunun üçün nə etmək lazımdır?
- Əlbəttə, məqsədim əsas liqada oynamaqdır. Uzun zamandır Taylandda çıxış edirəm. Burada adımdan söz etdirmişəm. Mənə qarşı yaxşı fikirdədirlər. Gələcəkdə hər şey baş verə bilər.
- Orada yaşayışın necə gedir? Artıq dili bilirsən. Heç Tayland vətəndaşlığına keçmək haqda düşünmüsən?
- Dörd ildir ki, burada yaşayıram. Dil və mühit barədə problemim yoxdur. Futbolçular və insanlarla rahat ünsiyyət qura bilirəm. Mənə hörmətlə yanaşırlar. Vətəndaşlığa gəldikdə, buna inanmıram. Ancaq viza güzəştləri gözləyirəm. Hazırda Taylandda işçi vizası ilə yaşayıram.
- Bir ara Taylanda yollanan azərbaycanlı futbolçular çox oldu, amma sonradan əksəriyyəti geri qayıtdı. Səni orada saxlayan nə oldu?
- Burada legioner limiti var. Səndən çox şey tələb edirlər, lider futbolçu olmağını istəyirlər. Bəlkə də, bəzi futbolçularda alınmayıb. İlk vaxtlar mənim üçün də çətin keçdi. Əsas özünü yaxşı tərəfdən göstərməlisən. Sonrası isə daha rahat olur. Hər komandada üç legioner limiti var. Heyətə düşmək asan deyil.
- Taylandda hazırda iki azərbaycanlı futbol oynayır - sən və Ramil Şeydayev. Ramilin "Buriram Yunayted"dəki çıxışını necə dəyərləndirirsən?
- Vaxt olduqca qısa icmallara baxıram. "Buriram Yunayted" Taylandın ən yaxşı komandasıdır. Həm də son zamanlar çempionluqları var. Ramil Şeydayev hazırda adaptasiya dövründədir. Ramil Tayland futboluna tez alışdı. Yaxşı oyun sərgiləyir. İstər xarici, istərsə də yerli futbolçu dostlarım onun haqqında yaxşı fikirlər səsləndirirlər. Oyununu bəyənirlər. Azərbaycanlı olaraq onun yaxşı çıxışı məni də sevindirir. Çünki Taylandda Azərbaycandan olan yalnız iki futbolçu var, biri Ramildir, digəri mən.
- Bildiyim qədərilə Ramillə tanışlığınız yoxdur. Görüşmək planınız var?
- Yaxından tanışlığımız yoxdur. Çempionat vaxtı ümumiyyətlə görüşməyə vaxt olmur. Özü də, fərqli şəhərlərdə yaşayırıq. Bir gün qismət olsa, görüşərik.
- Uzun illər Taylandda yaşamağı planlaşdırırsan, yoxsa Azərbaycana qayıtmağı düşünürsən?
- Azərbaycana qayıtmağım üçün təkliflər var. Ancaq Taylandda xoşbəxtəm. Legioner həyatı yaşamaq daha da məsuliyyətlidir. Həm də, mənə motivasiya verir. Yəqin ki, uzun illər karyeramı burada davam etdirəcəm.