Mundialların unikal “11-liy”i - moizəçi, poçtalyon, alkaş, yazıçı...
03.07.2022 - 13:16
Mundialların unikal “11-liy”i - moizəçi, poçtalyon, alkaş, yazıçı...

Dünya çempionatları tarixinin ən unikal 11 iştirakçısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, DÇ-1930-dan indiyədək təşkil olunan yarışda oynamış futbolçular arasında 
qeyri-adiliyi ilə seçilənlərin rəmzi komanda təşkil edib.

1. Moizəçi
DÇ-1998-də Argentina millisinin qapısını qoruyan Karlos Roa top komandaların təkliflərini rədd edir. “2000-ci ildə dünyanın sonu olacaq” nağılına inanan qolkiper karyerasını da bitirib və bütün planeti gəzərək bu mövzuda moizələr oxuyub. Dünyanın sonuna hazırlaşan qapıçı yalnız 2000-ci ildə bunun gerçəkləşmədiyini görərək “ağıllanıb” və karyerasını bərpa etmək istəyib. Amma özünə klub tapa bilməyib.

2. Poçtalyon
Niderland millisinin sabiq oyunçusu gələcəyi üçün heç bir addım atmadığının peşmançılığını çəkir. Nə biznes quran, nə pul toplayan, nə də məşqçilik oxuyan veteran karyerasını bitirdikdən sonra poçtalyon işləyib.

3. Musiqiçi
Xose Andradenin musiqi sevgisinə Uruqvay millisinin ulduzu olması da mane törətməyib. Skripka və barabanda ifa edən futbolçu Montevideo küçələrindəki şənlik və karnavallarda, restoranlarda öz bacarığını nümayiş etdirib.

4. AFR-da kommunist
Ötən əsrin 70-ci illərində AFR-da kommunist tapmaq çətin olsa da, “Bavariya” və yığmanın futbolçusu Paul Braytner heç nədən çəkinmirdi. O, müsahibələrində kumirim Yoldaş Mao, oxuduğum kitab Karls Marksın “Kapital”ı, arzum ABŞ-ın Vyetnamda uduzmasıdır deyirdi. DÇ-1974-dən sonra mükafatın artırılması üçün mübarizə aparanların önündə də Paul idi.

5. Alkaş doktor
Futbolçuların elmə münasibətinin yaxşı olmadığı iddia edilsə də, Sokrates bunun tam əksidir. Top qovduğu illərdə tibb elmləri doktoru səviyyəsinə qədər yüksələn braziliyalı bu sahədə praktika da keçib. Karyerası bitdikdən sonra fəlsəfə elmləri doktoru alması isə içkiyə aludəçiliyi başlayıb. Nəticədə “alkaşlıq” onun ölümü ilə nəticələnib.

6. SS-çi
Fransa millisinin kapitanı Aleksandr Villaplan danışılmış oyunlarda iştirakına görə bir neçə dəfə həbs olunub. Sonradan kriminal aləmin bir parçasına çevrilən fransızın ulduzu Hitler Almaniyasının Parisə daxil olması ilə parlayıb. Öz adamları ilə yəhudiləri, əlcəzairliləri və almanların axtardığı digərlərini tutub təhvil verən futbolçu və dəstəsi SS-ə üzv olub. Villaplan
tezliklə unterşturmfürerliyə qədər yüksəlib. 1944-cü ildə fransalılar cinayətkarı güllələyib.

7. Radiohəvəskar
Ukrayna millisi DÇ-lərdə 2006-cı ildə debüt etsə də, Sergey Rebrov bir il əvvəl dünya və Avropa çempionu adını qazanıb. O, qeyri-adi sevgisi olan radiohəvəskarlıqla 2003-cü ildə qitənin, iki il sonra dünyanın ən yaxşısı olub.

8. Meydandan səhnəyə
ABŞ millisinin sabiq oyunçusu Aleksi Lalasin futbolçu illərində də imici ilə hamıdan fərqlənib. Bu fərqlilik onu roka cəlb edib. Karyerasını bitirəndən sonra “The Gypsies” qrupunu yaradaraq onun solisti olan Lalas buraxdığı albomlar və qatıldığı festivallarla musiqi bacarığını göstərib.

9. Madam Dryurinin müştərisi
Dua-caduya, sehrli qüvvələrə daha çox Afrikada inansalar da, İngiltərə millisinin sabiq üzvü Qlen Hoddl da belə tora düşüb. Ekstasens Eylin Dryuri ilə tanışlıq onun baxışlarını tam dəyişib. Klubunu dəyişəndə də, zədələnəndə də daim falçı onun yanında olub. Futbolçu karyerasını bitirib, məşqçiliyə başlayanda da madam Dryuri hər məsələdə ona yol göstərib. Elə onun müştərisi olması üzündən əksər klublar Hoddlla əməkdaşlıq istəməyib.

10. Birəlli çempion
Uruqvay millisi ilə dünya çempionu olan Ektor Kastronun bir əlli olması hamıya bəllidir. 13 yaşında elektrik mişarı ilə ehtiyatsız davranış üzündən bu duruma düşən forvard yaşıl meydanlarda nəyə qadir olduğunu artıqlaması ilə göstərib.

11. Yazıçı
Avstraliya millisinin futbolçusu Mark Şvartser karyerasını bitirəndən sonra yeni məşğuliyyət tapıb. O, kitab yazmağa qərar verib. Veteran uşaqlar üçün müxtəlif mövzularda əsərlər yazır.
 

writer photo
Əlirza Əlirzalı
0