Franfurt “Ayntraxt”ının çılğın azarkeşi kimi tanınan Nobel mükafatı laureatı Benjamin List maraqlı açıqlaması ilə diqqətləri üzərinə çəkib.
Apasport.az saytı xəbər verir ki, 2021-ci ildə kimya sahəsindəki ixtiralarına görə sözügedən mükafatı qazanmış almaniyalı alim komandanın aparıcı futbolçusu - yaponiyalı Daiçi Kamadaya maraqlı təklif irəli sürüb.
55 yaşlı fanat bildirib ki, asiyalı mövsümün sonunda bitəcək müqaviləsini yeniləyəcəyi halda Nobel mükafatını ona verəcək: “Onun komandamızdan ayrılması qəlbimin qırılmasına səbəb olacaq. Kamadaya yaxşı bir təklifim var. Əgər klubla yeni müqavilə imzalayarsa, ən dəyərli mükafatım olan “Nobel”i ona verəcəm”.
Qeyd edək ki, 2017-ci ildən “Ayntraxt”ın formasını geyinən 26 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm 33 oyunda iştirak edərək, 13 qol və 5 assistlə yadda qalıb. Kamadanın xüsusilə ingilis klublarının hədəfində olduğu bildirilir.