"Neftçi"nin sabiq futbolçusu Mateus Saldanya Avropanın məşhur klublarının diqqət mərkəzinə düşüb.
Apasport.az xəbər verir ki, "Partizan"ın hücumçusunun xidmətində "Torino" və "Sevilya" maraqlıdır. Bu barədə "iG Esporte" məlumat yayıb.
"Torino" 20 gündür ki, braziliyalı forvard üçün Serbiya klubu ilə danışıqlar aparır. "Partizan" futbolçusunu 10 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.
"Sevilya" isə 24 yaşlı ön xətt oyunçusunu yayda birdəfəlik transfer etmək şərtilə icarəyə götürmək istəyir.
Daha əvvəl "Fənərbaxça"nın da Saldanyanı transfer etmək istədiyi ilə bağlı məlumatlar yayılmışdı.
Futbolçu bu mövsüm "Partizan"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Neftçi" Mateus Saldanyanı 2023-cü ilin yanvar ayında Yaponiyanın "JEF Yunayted Çiba" klubundan icarəyə götürmüşdü. O, iyul ayında "Partizan"a keçib.