“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona” ilə keçirilən xeyriyyə oyunundan (3:3) sonra yarımmüdafiəçi Bernardo Silvanın Kataloniya klubuna mümkün keçidi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, ispaniyalı çalışdırıcı ulduz futbolçunun komandada qalmasını arzulayır.
Ancaq Qvardiola özü də bu transferin baş tutma ehtimalının yüksək olduğunu gizlətməyib: “Bernardo Silvanın bizimlə qalmasını istəyirik, amma komandada heç kimin narazı olmasını istəmirəm. İlk növbədə iki klub razılığa gəlməlidir. Təbii ki, bu futbolçunun komandamda olmasını istəyirəm. Ancaq həqiqət budur ki, o özü də “Barselona”nı çox sevir”.
Qeyd edək ki, Bernardo Silva ötən mövsüm “Mançester Siti”nin heyətində 50 oyunda 13 qol vurub, 7 məhsuldar ötürmə verib.