Əzəli rəqiblər Kriştiano Ronaldo ilə Lionel Messi yenidən üz-üzə gələcək.
Apasport.az saytının məlumatına görə, cütlük bu dəfə “All-Star” matçında qarşılaşacaq.
Bir çox ulduz futbolçuların iştirakı gözlənilən görüşün gələn ilin yayında “Uembli” stadionunda təşkili planlaşdırılır. İdeyanın müəllifi olan multimilyonçu investor Robert Bonnier hər iki oyunçunun nümayəndəsi ilə görüşərək, razılıq alıb.
90 milyon funt sterlinqlik büdcə ayrılacaq oyun “Messi vs Ronaldo” adlanır. Yəni heyətləri də məhz bu iki oyunçu seçəcək. Ancaq Ronaldo heyət seçimində problem yaşaya bilər. Çünki “Real”ın prezidenti Florentino Peres “kral klubu”nun hər hansı bir oyunçusunun iştirakı üçün 21 milyon funt sterlinq istəyib.
Qeyd edək ki, uzun illər “Real” - “Barselona” duellərində bir-birinə rəqib olan bu cütlükdən Kriştiano Ronaldo hazırda “Mançester Yunayted”də, Lionel Messi isə PSJ-də çıxış edir.