Şahin Diniyev: “Feyenoord” “Roma”nı açıq futbola məcbur edəcək”
25.05.2022 - 14:09
Şahin Diniyev: “Feyenoord” “Roma”nı açıq futbola məcbur edəcək”

Şahin Diniyev (Azərbaycan millisinin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü):

Maraqlı, finala layiq oyun izləyəcəyik. “Feyenoord” sürət, istək, motivasiya komandasıdır, “Roma” isə məşqçilərinin və futbolçularının təcrübəsinə arxalanır. Joze Mourinyo bu cür kritik matçlardan üzüağ çıxmağı bacaran mütəxəssisdir. “Feyenoord”un 20 ildir avrokuboklarda uğuru yoxdur, ac komandadır.

Düzdür, Konfrans Liqası “Roma” üçün prestijli turnir deyil. Ancaq baş məşqçinin özünütəsdiq və komandada işlərini genişləndirmək üçün bu kuboka ehtiyacı var. Üstəlik, italyanlar bu mövsüm titul qazanmayıblar.

Mən bu finalı istək və motivasiyanın təcrübəyə qarşı dueli kimi qələmə verərdim. Fərqli səslənsə də, üstünlüyü “Feyenoord”a verirəm. 20 ildən sonra ələ düşən şansı dəyərləndirmək üçün hər şeylərini meydanda qoyacaqlar.

Düşünürəm ki, “Roma” ehtiyatlı başlayacaq, amma “Feyenoord” “açılacaq”. Motivasiya onları irəli səsləyəcək. Ümumiyyətlə, niderlandlılar hücum futbolunu sevirlər, bəzən nəyisə qurban verirlər. Məncə, “Feyenoord” “Roma”nı açıq futbola məcbur edəcək və qarşılıqlı hücumlar şəraitində görüş izləyəcəyik.
 

writer photo
Əlirza Əlirzalı
0