Sanço Haqa qarşı: “Günah keçisi seçilməyim ədalətli deyil”
04.09.2023 - 10:13
Sanço Haqa qarşı: “Günah keçisi seçilməyim ədalətli deyil”

"Günah keçisi mən seçildim və bu, ədalətli qərar deyil".

Apasport.az saytı xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu Ceydon Sanço baş məşqçi Erik ten Haqın özü haqqında söylədiyi fikirlərlə razılaşmadığını bildirib.

23 yaşlı ingilis Premyer Liqanın IV turunun Londonda "Arsenal"la oyununda (1:3) iştirak ərizəsinə salınmayıb. “Qırmızı şeytanlar”ın niderlandlı çalışdırıcısı futbolçuya ehtiyac duymamasını məşqlərdə zəif iştirakı ilə əlaqələndirib. Haqın sözlərinə görə, “Mançester Yunayted”də hər gün səviyyəni göstərməlisən. 

Baş məşqçinin bu qərarı ilə razılaşmayan forvard isə sosial şəbəkədə öz etirazını bildirib: “Xahiş edirəm, hər oxuduğunuza inanmayın! Mən insanların tamamilə həqiqətə uyğun olmayan şeylər deməsinə icazə verməyəcəyəm. Bu həftə məşqdə özümü çox yaxşı apardım. İnanıram ki, bu qərarın başqa səbəbləri var ki, bunlara toxunmayacağam. Uzun müddət günah keçisi idim və bu, ədalətli deyil! İstədiyim tək şey üzümdə təbəssümlə futbol oynamaq və komandama fayda verməkdir. Məşqçilər korpusunun verdiyi bütün qərarlara hörmətlə yanaşıram, fantastik oyunçularla oynayıram və buna görə minnətdaram, çünki hər həftənin çətin olduğunu bilirəm. Nə olursa olsun, mübarizəni davam etdirəcəyəm”.

Qeyd edək ki, İngiltərə millisinin də şərəfini qoruyan Sançonun Mançester təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0