Qətərdəki dünya çempionatında iştirak edən Belçika millisinin düşərgəsində vəziyyət getdikcə gərginləşir.
Apasport.az saytının məlumatına görə, əksər futbolçular bir-birlərindən küsülüdürlər ki, bu amil komandanın nəticələrinə də təsirsiz ötüşmür.
Qapıçı Tibo Kurtua ilə yarımmüdafiəçi Kevin de Bruyne illərdir danışmırsa, Romelu Lukaku və Mişi Batşuayi də küsülüdür. Həmçinin Eden Azar da daxil olmaqla bir neçə oyunçu aralarında tez-tez gərginlik yaşayır.
Kurtua da yerli mətbuata açıqlamasında yığmada problem olduğunu gizlətməyib: “Komandada heç kim xoşbəxt deyil. Aramızda bir satqın var, amma onun kim olduğunu axtarmağa ehtiyac yoxdur. Onu tutsaq, bu, komandadakı son günü olacaq”.
Qeyd edək ki, Belçika yığması F qrupunda iki turdan sonra 3 xalla üçüncü pillədə qərarlaşıb. Komanda qrupda son oyununu sabah Xorvatiyaya qarşı keçirəcək.