İngiltərə Futbol Assosiasiyası (FA) Premyer Liqanın II turunda “Tottenhem”lə keçirilən oyundan sonrakı açıqlamasına görə, “Çelsi”nin baş məşqçisi Tomas Tuxelə qarşı ittihamlar irəli sürüb.
Apasport.az saytının məlumatına görə, almaniyalı çalışdırıcı matçın ardından söylədiyi fikirlərlə bağlı FA-nın E3 qaydasını pozmaqda ittiham olunur.
Ehtimal olunur ki, məşqçinin mətbuat konfransında dediyi fikirlər qərəzlidir, hakimin dürüstlüyünü şübhə altına alır və oyunu nüfuzdan salır. Tuxelin ittihamlara cavab verməsi üçün avqustun 25-dək vaxtı var.
Bundan əvvəl isə FA çalışdırıcını matç zamanı və ondan sonra “Tottenhem”in baş məşqçisi Antonio Konte ilə mübahisəyə girişməsi səbəbindən bir oyunluq cəzalandırıb və 35 min funt sterlinq cərimələyib.
Qeyd edək ki, avqustun 14-də keçirilən London derbisi 2:2 hesabı ilə başa çatıb.