Veteran futbolçu: “Sabah” sonda medalçılar sırasında olacaq" - Müsahibə
24.01.2024 - 20:12
Veteran futbolçu: “Sabah” sonda medalçılar sırasında olacaq" - Müsahibə

Azərbaycanın veteran futbolçusu, “Sabah” klubunun akademiyasının koordinatoru Təbriz Həsənov apasport.az saytına müsahibə verib.

- “Sabah” “Neftçi” ilə bərabərə qaldı. Bu matçda “Sabah”ın performansını necə dəyərləndirirsiz? 
- Hamının gözlədiyi qış fasiləsi nəhayət ki, başa çatdı. Startda da 2 iddialı komanda qarşılaşdı. Məncə, matç maraqlı keçdi. Hər iki komanda çox istəkli idi, çox çalışırdı. Mənə elə gəlir ki, istər “Neftçi”nin, istər “Sabah”ın performansını qiymətləndirmək üçün tezdir. Qarşıdakı 4-5 turdan sonra komandanın hazırlığı haqda danışıb, onların çıxışına qiymət vermək olar.

- Ümumiyyətlə, “Sabah” “Neftçi” görüşündə daha çox hansı tərəf qələbəyə layiq görünürdü? “Sabah”dan daha fərqli, daha parlaq, effektiv oyun gözləyirdiz?
- Əsasən, birinci hissə dinamik, maraqlı oldu. Sürət var idi, hər iki komandada da qol imkanları yarandı. Eepizodların yüzdə yüz qol olduğunu deyə bilmərəm. Belə hal yalnız Emin Mahmudovun ifasında “Neftçi”də oldu. Hər halda, epizodlar hər iki komandada var idi. Məncə, “Sabah” ilk yarıda daha yaxşı görünürdü. Fasilədən sonra isə üstünlük “Neftçi” tərəfə keçdi. Onlar daha maraqlı və daha yaxşı oynadı. Heç-heçə ədalətli nəticə idi. Belə oyunlar bir az çətin olur. Çünki hər iki komanda nə qədər hücum futbolu oynasa da, müdafiəni də düşünür, ehtiyat edir, diqqətli olurlar. Bu cür matçlarda bir qol oyunun taleyini həll edir. Hesab ədalətli idi. “Neftçi” dördüncü pillədədir, bəlkə də 1 xal onlar üçün daha yaxşıdır. Amma “Sabah” 7-ci pillədə qərarlaşıb. Onlara qələbə daha vacib, daha lazımlı idi. Heç-heçənin də hər iki komandaya xeyri oldu. Ən azından 7-ci və 4-cü yer arasında 6-7 xal fərqi var. Məncə, hələ “Sabah”ın medallar uğrunda, 2-ci və 3-cü yer uğrunda şansları var. Gələcək matçlarda “Sabah” keçən ilki performansını, oyununu yenə də təkrarlayacaq və istədiyi nəticələri qazanacaq. 

- Aleksey İsayevsiz “Sabah” fərqli görünürdü yoxsa, düşünürsüz ki, Ayaz Quliyev onun mövqeyində layiqincə çıxış etdi?
- Təbii ki, Aleksey İsayevin gedişi “Sabah” üçün böyük itkidir. O, millidə və “Sabah”da ən vacib oyunçulardan idi. Futboldur da, hər zaman gedənlər, gələnlər, yerdəyişmələr olur. Hər gedən futbolçunun da yerini dolduran oyunçu tapılır. Ayaz Quliyev çox yaxşı futbolçudur. Ola bilər ki, hələ tam istədiyi oyunu göstərə bilmir. Amma, məncə, yaxın turlarda o da öz oyununu, komandaya xeyrini göstərəcək. “Sabah” Aleksey İsayevsiz də yaxşı oyun göstərəcək.

- Maraqlıdır ki, Coy-Lens Mikels və Aleksey Kaşuk gedəndə, "Sabah"ın effekti sanki azalmışdı. İsayev də komandanı tərk etdi. Sizcə, “Sabah” niyə futbolçularını komandada qoruyub-saxlaya bilmir?
- Hamısı “Sabah” üçün vacib oyunçular idi. Qələbələrdə pay sahibləri idilər. Ancaq futboldur da, getmək istəyən futbolçunu saxlamaq lazım deyil. Əgər gedirsə, onların yerini dolduran tapılacaq. Onlarsız da “Sabah” yaxşı çıxış edəcək.

- Komandanın mövsümün ikinci yarısında ən yaxşı halda nə edəcəyini düşünürsüz? 
- Təbii ki, baş məşqçi, futbolçular, rəhbərlik özləri də yaxşı bilir ki, “Sabah” bu mövsüm lazımsız xallar itirsə də, hələ heç nə bitməyib. “Sabah”da o gücü, perspektivi görürəm. Məncə, “Sabah” medallar uğrunda mübarizə aparacaq. İstər ikinci, istərsə də, üçüncü yeri tutmağa layiqdirlər. Bu yöndə həm futbolçular, həm də məşqçilər böyük iş görməli, çox əziyyət çəkməlidilər. Məncə, “Sabah” sonda medalçılar sırasında olacaq.

- Komanda hələ ki, yeni transfer etməyib. Ümumiyyətlə, “Sabah”da hansı mövqelərə transfer ethiyacı var?
- Transferə ehtiyac var. Kaşuk, Mikels, İsayev gedib. Hansı mövqeyə transfer lazım olduğunu Murad Musayev daha yaxşı bilər. Əgər Musayevin istəyinə uyğun, komandaya münasib futbolçu tapsalar, rəhbərlik onu dəyərləndirəcək, yeni transfer edəcəklər. Yəqin ki, gələcəkdə hamısını görəcəyik. Ancaq “Sabah”ın hazırkı heyəti də medallar uğrunda mübarizə aparmağa qadirdir.

writer photo
Əlirza Əlirzalı
0