Yüksək məbləğə satılıb, havayı qayıdan ULDUZLAR
17.07.2022 - 17:43
Yüksək məbləğə satılıb, havayı qayıdan ULDUZLAR

Bəzi futbolçular astronomik məbləğ qarşılığında hansısa kluba keçsə də, bir neçə il sonra oranı azad agent kimi tərk edir.

Apasport.az saytının məlumatına görə, belə halda oyunçular daha çox sabiq komandaların qayıtmağı üstün tuturlar.

Elə hazırkı transfer pəncərəsində düz 3 futbolçu klubu ilə sözləşməsi bitdiyi üçün yetirməsi olduğu komandaya azad agent kimi dönüb. Bu yazıda da yüksək məbləğə satılıb, sonradan keçmiş komandasına qayıdan ən bahalı 6 futbolçuya diqqət yetirəcəyik.

1. Pol Poqba - 105 milyon avro
“Mançester Yunayted”in akademiyasında yetişən Poqba 2012-ci ildə azad agent kimi “Yuventus”a keçdi. Turin klubundakı yüksək performansı sayəsində 105 milyon avro müqabilində sabiq klubuna qayıtdı. “Qırmızı şeytanlar”da 6 mövsüm keçirən Fransa millisinin üzvü bu yay yenidən pulsuz “qoca sinyora” ilə müqavilə bağladı.

2. Kaka - 67 milyon
Kaka 2003-cü ildə “San Paulo”dan “Milan”a keçdi. “Rossonyerlər”in heyətində möhtəşəm oyun ortaya qoyan braziliyalı hətta “Qızıl top”a da sahib oldu. 2009-cu ildə İtaliya klubuna 67 milyon avro qazandıraraq “Real”a yollandı. Lakin orada gözlənilən performansı sərgiləyə bilməyincə 2013-cü ildə azad agent kimi “Milan”a döndü.

3. Aleksandre Lakazett - 53 milyon
“Lion” akademiyasının yetirməsi olan Lyakazett 2017-ci ildə 53 milyon avroluq satışla “Arsenal”ın formasını geyindi. “Arsenal”da 4 mövsüm keçirən ulduz futbolçu bu yay müqaviləsi başa çatdığından, “Lion”a qayıtdı.

4. Canluici Buffon – 52,88 milyon
“Parma” yetirməsini 2001-ci ildə 52 milyon 880 min avro qarşılığında “Yuventus”a satdı. Bu, həmin vaxt tarixin ən bahalı transferi sayılırdı. Əfsanəvi qolkiper düz 18 il “qoca sinyora”nın çərçivəsini qorudu. 43 yaşında Turin klubundan ayrılan Buffon sevimli komandası “Parma”ya qayıtdı. Hazırda klubu ilə daha 2 illik müqaviləsi olan Canluici 43 yaşına qədər “Parma”nın qapısını qoruyacaq.

5. Korentin Tolisso – 41,5 milyon
Tolisso da futbolun sirlərini “Lion”da öyrənib. Oradakı uğurlu çıxışı sayəsində 2017-ci ildə “Bavariya” onun transferinə 41,5 milyon avro xərclədi. Almaniyadakı ilk mövsümündə ümidləri doğrultsa da, sonradan ehtiyat qüvvəyə çevrildi. Bu yay isə almanlarla sözləşməsi bitən Tolisso azad agent kimi “Lion”a döndü.

6. Ueyn Runi - 37 milyon
“Everton”un kəşfi olan Runi cəmi 16 yaşında əsas heyətə yüksəlib. Təsadüfi deyil ki, artıq 19 yaşında 37 milyon avro müqabilində “Mançester Yunayted”ə transfer olundu və “qırmızı şeytanlar”ın tarixinə adını qızıl hərflərlə yazdırdı. 13 il “Mançester Yunayted”in formasını geyinən Runi 2017-ci ildə yetirməsi olduğu “Everton”a pulsuz keçdi.
 

writer photo
Əlirza Əlirzalı
0