
Həyatda bəzi anlar var, adam fikirləşir ki, nəsə demək, yazmaq, etmək artıq mənasızdı. Sevgilin səndən ayrılmağı beyninə qoyubsa, ayrılacaq. Müdir səni işdən çıxarmağa qərar veribsə, çıxaracaq. Bir adam eyni səhvi 10 dəfə edibsə, yenə edəcək. Həmin anlarda nəsə deməyin mənasız olduğunu müdrik şəkildə dərk etmək lazımdır. Bu əlacsızlığı, çarəsizliyi bir idman jurnalisti kimi son periodda yaşadığımı hiss edirəm. Məni bu fikrə sürükləyən şey isə futbol üzrə milli komandamızdır.
Millimiz vəziyyəti artıq elə həddə gətirib çatdırıb ki, bütün dediyim, deyəcəyim, yazdığım, yazacağım sözlərin mənasız olduğunu qəbul etmək ərəfəsindəyəm. Özümü gücsüz hiss edirəm. Gücsüzlük də bəzən qarşındakının üzsüzlüyündən yaranır. Məsələn, bir adam gəlir, sənə dəfələrlə yalan danışır, illərlə səni aldadır, üzsüzlük edir. Ona bir şey edə bilmirsən, inanmasan da, naəlac yalanlarına qulaq asırsan, əlindən bir şey gəlmir və onun bu xasiyyətini dəyişməyə gücün çatmır. İndi futbol üzrə milli komandamızda da eyni halətdir, futbolumuzu idarə edənlərdən, məşqçisindən, rəhbərliyindən, futbolçusuna qədər hamısında bu üzsüzlüyü görmək mümkündür.
Yəqin fikir vermisiz, bəzən elə adamlar da olur ki, bir yalanı dəfələrlə təkrarlayır. Sənə danışır, gedir məhəllədə dükanda satıcıya danışır, iş yoldaşlarına danışır, çayxanada oturub danışır. Bir də görürsən ki, həmin yalana artıq özü də inanmağa başlayır, danışdığının gerçək olduğunu düşünür. Oxuduqca sizin də gözünüzdə AFFA canlanmır? Başbilənlərinin 2-3 ayda bir kamera qarşısına çıxıb, qalaq-qalaq planlar, təkliflər, strategiyalar asıb-kəsdiyini, milləti ələ saldığı görüntülər canlanmır? Görünür, AFFA rəhbərliyi də bu xəstəlikdən əziyyət çəkir. 3-4 nəfər çıxıb yazsın, desin ki, Macarıstana 1 qol vurduq, böyük uğurdur. Bunlar da səhər çıxıb deyəcək ki, hə də, nədi, Macarıstanı udmalıydıq? Vəssalam.
Mənə maraqlıdır, bu adamlar özlərini ağıllı, Azərbaycan xalqını axmaq hesab edir? Ya millətin dünyadan xəbəri yoxdur, futbolun nə olduğunu bilmir?! Bilsinlər ki, futbolun nə olduğunu millətimiz lap əla da başa düşür. Yüz minlərlə “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Mançester Yunayted”, “Liverpul”, “Real Madrid”, “Barselona”, “Yuventus”, “Milan”, “Arsenal” və s. xarici klubun azarkeşi var bu ölkədə. Hər beynəlxalq çempionatda Türkiyə, Braziliya, İtaliya, İngiltərə, Portuqaliya, Argentinaya azarkeşlik edir camaat. Publar dolu, monitorlarda futbol matçları. Sizin üzsüzlüyünüz, qonşuların vicdanlı işgüzarlığı fonunda keçən ili də Gürcüstana azarkeşlik etməklə keçirdik. Hələ gələn il də Özbəkistanı dəstəkləyəcəyik. Özbəkistan ee... Utanın da.
Məsələ burasındadır ki, biz onsuz əvvəl də milli komandaya inanmırdıq. Amma stadiona gedirdik, Getməyəndə, televizoru açıb, baxırdıq. Hələ bir ara həştəq də açmışdıq ki, #NiyəDəYox?! Çünki, yığma komandamıza sevgimiz var idi, veteran futbolçularımız stadiona çıxanda ən azından tribunadakı azarkeşlərdən, qohum-əqrəbalarından utanıb, can qoyurdular. 0:5 də uduzurdular, 0:8 də. Hələ bəzən araya salıb Finlandiyanı da udurdular, İrlandiyanı da, Türkiyəni də. Bəli, bəlkə inamımız yox idi, amma sevgimiz var idi. Hörmətli, AFFA rəhbərliyi, siz bu qısa zaman ərzində ən vacib şeyi də məhv etdiniz, milli komandamıza sevgimizi öldürdünüz. Sayənizdə, futbolçularımızın da formaya sevgisi qalmadı, azarkeşlərimizin də.
Yenə deyirəm, bu milləti axmaq yerinə qoymayın. Bu ölkənin futbol üzrə milli komandası heç birinizin atasının malı deyil ki, gedib kimlərinsə “otxod”unu baş məşqçi gətirəsiniz. “Beşiktaş” Fernandu Santuşu qovursa, təzminatını versin, göndərsin. Day eyni maaşa üstümüzə niyə göndərir? Necə qəbul etmək olar bunu? Azərbaycan millisi sizin üçün nədi? Bir nəfər başıpapaqlı adam yoxdur ki, bu qədər rəzillikdən sonra o kişinin çamadanını qoltuğuna verib, göndərsin?! Yoxsa hər biabırçılıqdan sonra mətbuat konfransında çıxıb bizi ələ salmağa davam edəcək? Getdiyi hər yerdən qovulan qoca deyəsən elə bilir ki, bundan qabaq Azərbaycan xalqı top görəndə elə bilirdi bombadı, gəlib, bu öyrədib futbolu.
Rövşən Nəcəf, Cahangir Fərəcullayev, çıxın, danışın, bir üzünüzü görək. Bir bizə deyin, bu işin axırı hara gedir? Nə fikirləşirsiz, nə gözləyirsiz? Səbir kasamızda dodaqyeri də qalmayıb. Yaxşı, ilk işi mən deyim, Santuşu göndərin, yerli məşqçi gətirin, 2 il vaxt verin. Bu adamlıq deyil də, ay qardaşlar, bunu başa düşmək bu qədər çətindir? Vallah, billah Santuşluq deyil. Bank kartı paylaşın sosial şəbəkələrdə, hərəmiz 1-2 manatdan atışaq, təzminatını yığaq, verin, yola salın. Bəsdir də.
- Rauf Əliyev: “3:0 hesablı qələbəyə heç kim inanmazdı” - Müsahibə
- Bəhlul və Ramil Şeydayev Belçikaya qarşı oynamayacaq
- “Zirə” niyə liderdir? Yaxud da necə... - KÖŞƏ
- Şahin Diniyev: “Eyforiyaya qapılmışdıq, hamımız günahkarıq” - Müsahibə
- Branimir Subaşiç: "Sürpriz? Zarafat edirsiz? Söhbət “Neftçi”dən gedir..." - Müsahibə