
Misli Premyer Liqasının XXXII turunun "Kəpəz" - "Zirə" matçından (0:1) sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarını dəyərdəndirə bilmədik. Qol üçün ustalıq, incə məqamlar çatmır. Bu gün uşaqlardan razıyıq".
- "Zirə"dən xal ala, hətta qol da vura bilməmisiz. Sizcə, bunun səbəbi nədir?
- Səbəbi deyə bimərəm. Fürsət varsa, qol epizodları yaranırsa, bu, məşqçi işidir. Realizə yoxdursa, ustalıqla bağlıdır. Qol epizodlarımız oldu. Məşqdə də bunun üzərində işləyirik.
- Hakimlərlə bağlı fikriniz necədir?
- Hakimlərdən çox danışmaq istəmirəm. Amma bir hakim ki, deyirsə, əlini aşağı sal... Söhbət 4-cü hakimdən gedir. Mənim üçün böyük sualdır. Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?
- Növbəti mövsümün planlarını cızmağa başlamısız?
- Bu barədə heç bir cavabım yoxdur. Sponsor gəlməlidir, hələ büdcə bilinmir.
- Rumıniya mətbuatının yazdığına görə, "Kəpəz" baş məşqçi postuna Mirça Redniki gətirmək istəyir. Bu xəbərlər sizə necə təsir edir?
- Mənim boynumda missiya var. Bu gün bunu yerinə yetirirəm. Başqa məsələlərə mən baxmıram, rəhbərlik baxır. Güclə sevgi olmur ki.