Santuş: "Bunlar sadəcə söz-söhbətlərdir"
23.05.2025 - 16:29
Santuş: "Bunlar sadəcə söz-söhbətlərdir"

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun Latviya və Macarıstana qarşı yoxlama oyunlarından öncə mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Latviya və Macarıstanla oyunlarda məqsədiniz nədir? 
- Həmişə olduğu kimi yaxşı məşq etmək, yaxşı hazırlaşmaq və qalib gəlmək.

- Elə futbolçu oldu ki, yığmaya dəvət etmək istədiniz, ancaq tərəddüd etdiniz?
- Əlbəttə, bəzi oyunçular var ki, istəyərdim dəvət edim, amma zədəli olduqları üçün alınmadı. Bunlar Coşqun Diniyev, Anton Krivotsyuk, Mustafa Əhmədzadə, Amin Seydiyev, Aleksey İsayevdir. Bundan əvvəlki toplanışda Ramillə Özancan Kökçü də dəvət edilmişdi. Son oyunlara baxanda, klublarında mütəmadi oynamırlar. Ona görə də, dəvət edilməyiblər. Oynamayan oyunçu toplanışa dəvət almayacaq. Gələcəkdə onlar mütəmadi oynasalar, yenə də millinin qapısı onlara açıqdır. 

- Mətbuatda yayılan xəbərlərə görə, qarşıdakı iki oyunda milli uduzsa, sizin kreslonuz laxlayacaq...
- Bu, mənim problemim deyil. Sadəcə gəzən söz-söhbətlərdir. Necə cavab verəcəyimi bilmirəm. Bu məsələyə AFFA rəhbərliyi baxır.

- Sizin gəlişinizdən sonra millidə hansı istiqamətdə inkişaf olub? Nəticələr bəllidir, oyun sarıdan da nəsə görünmür...
- Bu layihə uzun yoldur. Bir çox oyunçular bizimlə toplanışda olublar, bizi tanıyırlar. Biz öz yolumuzla davam etməliyik. Uğuru bu yolun davamında görürəm.

- Premyer Liqamızın səviyyəsini 10 ballıq sistemdə necə ölçərsiniz?
- Ümumi çempionata necə bal verərəm? "Qarabağ"ın hansı səviyyədə iştirak etdiyini bilirik. Amma "0 ballıq sistemdə Azərbaycan çempionatını "5"lə qiymətləndirərdim. Hər bir komandanın baş məşqçisi var, hər biri çalışır ki, istəklərinə nail olsun, reallaşdırsın. 10 komandadan 3-4-ü yuxarı yerlər uğrunda mübarizə aparır.

- Vüsal İsgəndərlini niyə milliyə dəvət etmirsiz?
- Millinin heyətinə 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Bəzən Vüsal İsgəndərli sağ cinah müdafiəçisi kimi çıxış edir. 

- Klubunda mütəmadi oynamayanı milliyə dəvət etməyəcəyinizi bildirdiniz. Nəzərə alsaq ki, yeni sezondan legioner limiti olmayacaq. Onda milliyə məcbur qalıb mütəmadi oynamayanları çağıracaqsız?
- Biri var, klubunda 5-10 dəqiqə oynayasan, biri də var ki, davamlı olaraq iştirak ərizəsində olmursan, ehtiyatda oturursan. Mən bu oyunçuları nəzərdə tuturdum. Hərənin öz klubu var, hər bir məşqçinin də qərarına hörmətlə yanaşıram. Əgər söhbət millidən gedirsə, milliyə dəvət olunan futbolçunun mütəmadi oyun praktikası olmalıdır. Bizim əlimizdə də elə çox oyunçu yoxdur ki, xaricdə oynasın. Var, amma çox azdır. Biri də Renat Dadaşovdur. Milliyə dəvət olan oyunçular mütəmadi oynamalıdırlar. Mən də istəyərdim ki, yerlilər daha çox oynasın. Premyer Liqaya iki komanda da gələcək. Gəlin, gözləyək. Qarşıdakı çempionatda vəziyyət necə olacaq, ondan sonra bu haqda danışarıq.

- Mövsüm başa çatan kimi milli üzvləri çox da istirahət etməyəcək. Onları necə motivasiya edəcəksiniz?
- Biz ayın 27-dən toplanışa başlayacağıq. Cədvəli elə qurmuşuq ki, gündəlik 1 məşq olsun və futbolçular ailələri ilə çox vaxt keçirsinlər. Kubokun finalında oynayacaq oyunçulara 3 gün istirahət veriləcək. Ailələri ilə vaxt keçirdikdən sonra bizə qoşulacaqlar. Əgər sənin milli ruhun varsa, milliyə sevgin varsa, ora hər zaman motivasiya ilə gedəcəksən. Harada çalışmışamsa, oyunçular milliyə motivasiya ilə gediblər. Oyunçularımı bir müddətdir tanıyıram, onlara güvənirəm. İnanıram ki, onlar milliyə gələndə sevinirlər. 

- Yekun olaraq, optimal heyəti nə vaxt formalaşdıracaqsız?
- Milliyə 25 oyunçu dəvət edilir. Əksəriyyəti eyni oyunçulardır. 

- Sizə güvənirik, amma nəticə yoxdur...
- Yoldaşlıq görüşləri oyunçuları yoxlamaq üçündür. Hər dəfə toplanışlara yeni oyunçular cəlb olunmalıdır ki, millinin ab-havasını hiss etsinlər. Həm də onların gələcəkdə millidə oynamaq imkanı olub-olmamasını görməliyik. Eyni şey Yunanıstanda, Portuqaliyada da baş verdi. Hazırda Portuqaliya millisində oynayanların çoxu mənim dövrümdə 18-19 yaşlarında milliyə dəvət etdiklərimdir. Yunanıstanda da eynilə. 

- Şahruddin Məhəmmədəliyev "Qarabağ"da demək olar ki, oynamır. Amma onu milliyə dəvət edirsiniz. Azərbaycanda elə gənc qapıçı yoxdur ki, indidən dəvət edib, ona etibar edəsiniz?
- Qapıçı futbolda ən spesifik mövqedir. Qapıda biz az rotasiya edirik. Son toplanışda Şahruddin zədələndi və Əlirza Müştəbəzadəni milliyə dəvət etdik. Rza Cəfərov var, perspektivi olan qapıçıdır. Şahruddin də təcrübəli qapıçıdır.