“Bazel” rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, İsveçrə təmsilçisi Azərbaycan klubları ilə oyunlarda iki böyükhesablı ev qələbəsi qazanan ikinci komanda kimi tarixə düşüb.
2009/10 mövsümündə Avropa Liqasında “Bakı”, bu dəfə isə Konfrans Liqasında “Qarabağ” Bazeldəki “Sent-Yakobs Park”a çıxmağa peşman olub. İsveçrəlilər 12 il öncə 5:1, dünən isə 3:0 hesablı darmadağına seviniblər.
İndiyədək yalnız Dortmund “Borussiya"sı iki ev oyununda təmsilçilərimizi üç və ya daha çox top fərqi ilə məğlub etməmişdi. Almaniya təmsilçisi “Qarabağ”la “Qəbələ”nin hərəsinə 4 cavabsız qol vurub. Bazeldəki stadion bu mənada klublarımız üçün lənətlənmiş ikinci məkana çevrilib.
“Bazel” və “Borussiya” kimi daha 7 klub Azərbaycan komandaları ilə matçlarda rekord sayda – 2 darmadağına sevinib. Lakin həmin komandalar qələbələrinin birini evdə, birini səfərdə əldə ediblər.
“Austriya” (Vyana, Avstriya), “Yablonets” (Çexiya), “Kopenhagen” (Danimarka), “Monpelye” (Fransa), “Olimpiya (Sloveniya) və “Çelsi” (İngiltərə) eyni mövsümdə və eyni rəqib üzərində iki dəfə böyükhesablı qələbəni bayram edib. “Olimpiya” “Şəfa”ya, “Austriya” “Kəpəz”ə ağır zərbələr vurubsa, digər komandalar “Qarabağ”a “dərs keçib”.
Yalnız “Makkabi”nin (Hayfa, İsrail) darmadağınları fərqli rəqiblər və fərqli illərə təsadüf edib. Bunların biri Lənkəranda, digəri İsraildə gerçəkləşib.
Qeyd edək ki, klublarımız ümumilikdə 51 dəfə darmadağın olub. Bunun 17-si “Qarabağ”ın payına düşür.