Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bazel” son tur matçına itkilərlə çıxacaq.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İsveçrə təmsilçisinin iki futbolçusunun sabah meydana çıxmayacağı dəqiqləşib.
Bunlar sol cinah müdafiəçisi Andrea Padula və hücumameyilli yarımmüdafiəçi Sebastyano Espositodur. Uzun müddətdir kollektivdən uzaq düşən Padula fərdi məşqlərlə məşğuldur. Espositonun görüşü buraxacağı isə son anda müəyyənləşib.
“Qarabağ”da isə uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçi Bədavi Hüseynovla yarımmüdafiəçi Xayme Romeronun məşqçilər korpusunun sərəncamında olmayacağı dəqiqdir.
Qeyd edək ki, sabah “Sankt-Yakob Park”da keçiriləcək “Bazel” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.