Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Bazel”də viktorina başa çatıb.
Apasport.az saytının məlumatına görə, komandanın futbolçuları arasında aparılan sorğunun finalında da suallar Azərbaycan və “Qarabağ”la bağlı olub.
Yarımfinalda Ağdam klubu barədə sualları daha dəqiq cavablandıran yarımmüdafiəçilər Uoter Burqerlə Matias Palasios həlledici görüşdə üz-üzə gəlib.
İlk sual “Qarabağ”ın ardıcıl neçə çempionluq qazanması olub. Hər iki oyunçu eyni rəqəmi (6) yazıb. Ardıcıl 7 çempionluğu heç kim tapa bilməsə də, bərabərlik dəyişməyib.
“Azərbaycanın yüksək liqasında neçə komanda oynayır”, - sualına Palasios 15, Burqer 12 cavabını verib. Təxmini 8 rəqəminə daha yaxın olduğu üçün Burqer önə keçib.
Son sual isə belə olub: “Qarabağ” Bakıda məskunlaşır. Orada üç məşhur qüllə var - Alov Qüllələri. Bu üç qüllədən ən hündürü neçə metrdir?” Doğru cavab olan 181 metrə bu dəfə də Burqer yaxınlaşıb. Niderlandlı orta sahə oyunçusu 174 metr yazıbsa, Palasios 200 metr proqnozlaşdırıb. Nəticədə rəqibini 2:0 hesabı ilə məğlub edən Uoter Burqer “Qarabağ” viktorinasının qalibi elan olunub.
Qeyd edək ki, “Bazel”lə “Qarabağ” arasında bu gün “Sankt-Yakob Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Son tur öncəsi hər iki komandanın aktivində 11 xal olsa da, isveçrəlilər top fərqinə görə liderdir.