“Bazel”in futbolçusu: “Qarabağ”ı məğlub etmək pley-off matçına çıxmaqdan asandır”
09.12.2021 - 09:50
“Bazel”in futbolçusu: “Qarabağ”ı məğlub etmək pley-off matçına çıxmaqdan asandır”

“Oyunun başlama vaxtı qəribədir, həm də hava isti deyil. Yəqin ona görə çox azarkeş maraq göstərmir. Amma biz bunu qəbul edirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Bazel”in futbolçusu Paytim Kasami Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la keçiriləcək oyuna azarkeş marağının az olmasına münasibət bildirərkən deyib.

İsveçrə millisinin yarımmüdafiəçisi bu gün “Sankt-Yakob Park”da baş tutacaq qarşılaşmaya qələbə üçün çıxacaqlarını söyləyib. 29 yaşlı oyunçu pley-offda oynamaq istəmədiklərini vurğulayıb: “Qarabağ” güclü və təcrübəli rəqibdir. Onlar Çempionlar Liqasında oynayıblar. Ancaq Azərbaycan təmsilçisini təhlil etmişik və onlarla görüşə hazırıq. Turnir cədvəlindəki vəziyyətə gəlincə, bizi riyaziyyat maraqlandırmır. Həmişə qalib gəlib, qrup birincisi olmaq istəmişik. “Qarabağ”ı məğlub etmək yazda pley-off oyununa çıxmaqdan daha asandır”.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Son tur öncəsi hər iki komandanın aktivində 11 xal var. “Qarabağ” qrup birincisi olmaq üçün səfərdə qalib gəlməlidir.