“Bəlkə də həyatımın ən çətin 45 dəqiqəsi idi” – Qara Qarayev
13.12.2019 - 01:39
“Bəlkə də həyatımın ən çətin 45 dəqiqəsi idi” – Qara Qarayev

“Avropa Liqasında sonuncu oyunumuz idi. İstəyirdik qalib gələk, amma belə alınmadı”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib. 

27 yaşlı müdafiəçi Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turu çərçivəsində “Dudelanj”la 1:1 hesabı ilə bitən matç barədə danışıb. O, görüşdən sonra jurnalistlərinə açıqlamasında bildirib ki, qrupdakı oyunları heç də zəif keçirməyiblər: “Nəticə baxımından xal itkilərimiz oldu. Amma oyun baxımından daha çox artırdıq. Düzdür, lazımı nəticəni qazana bilmədik. Bəzi matçlarda bəxtimiz gətirmədi. Bu səbəbdən də mübarizəni dayandırdıq”.

O, əvvəlki matçlarla müqayisədə Lüksemburq çempionu ilə görüşdə azarkeşlərin stadiona az gəlməsinə də toxunub: “Məncə, qrupdan çıxma şansımız olsaydı, bu gün stadionda bu qədər az azarkeş olmazdı. Onlarla yanaşı, bizim düşərgədə də fərqli ab-hava olacaqdı. Amma biz komanda olaraq bu ab-havanı qoruyub saxlamağa çalışdıq. Matç formal olsa da, bizim üçün əhəmiyyətsiz oyun deyildi”.

Qarayev APOEL-ə məğlubiyyətdən sonra komandaya təzyiqlər olduğunu və bu halın onları yorduğunu da açıqlayıb. 

O, həmçinin “Düdelanj”la qarşılaşmanın 46-cı dəqiqəsində meydandan qovularaq (ikinci sarı vərəqə) komandasını azlıqda qoyması barədə də fikir bildirib: “Rəqibin üstünə vərəqə almaq üçün getmirdim. İkinci hissəyə soyunub-geyinmə otağının pəncərəsindən baxmışam, bəlkə də həyatımın ən çətin 45 dəqiqəsi idi. 10 nəfərlə qalan komandanın da tez-tez top itirməsi normaldır. Yekunda komanda yoldaşlarıma “sağ ol” deyirəm, mənə dəstəklərini nümayiş etdirdilər. İkinci hissədə meydan 11 nəfər olsaydıq, mən yox bir başqası belə oynasaydı, görüşdən qələbə ilə ayrıla bilərdik”.
 

0
Qara Qarayev Qarabağ Düdelanj