“Çelsi” hücumçusu Romelu Lukakunu cəzalandırıb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun narazılıq doğuran açıqlaması klub rəhbərliyi və baş məşqçi Tomas Tuxellin ürəyincə olmayıb.
Bu səbəbdən Belçika millisinin üzvü 500 min funt sterlinq məbləğində cərimələnib. Qalmaqallı açıqlamasından sonra “Liverpul”la Premyer Liqa matçının iştirak ərizəsinə salınmayan Lukaku artıq baş məşqçi ilə görüşüb. Onun Tuxeldən üzr istədiyi, bu səbəbdən İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində sabah “Tottenhem”lə keçiriləcək görüşün heyətinə daxil ediləcəyi bildirilib.
Qeyd edək ki, Romelu Lukaku açıqlamasında komandanın oyun sistemini tənqid edib, “Çelsi”də xoşbəxt olmadığını və “İnter”dən ötrü darıxdığını bildirib.