Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komandası Zaqreb “Dinamo”su yeni hücumçu transfer edəcək.
Apasport.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, klub rəhbərliyi “Koper”in ön xətt oyunçusu Lamin Kolli ilə maraqlanır.
“Koper”in Sloveniya çempionatında “Tabor” üzərində 1:0 hesabı ilə qalib gəldiyi matçı tribunadan izləyən “Dinamo”nun skautları qələbə qolunun müəllifi olan qambiyalı forvardı bəyənib. Zaqreblilər bu keçid müqabilində qarşı tərəfə 500 min avro təklif edib. Ancaq bunun üçün ilk növbədə yüksək məbləğdə maaş alan ön xətt oyunçularından birini yola salmalıdır. Hazırda xorvatiyalıların forvardları Bruno Petkoviç, Komnen Andriç, Mahir Emreli, Deni Yuriç və Mislav Orşiçin maaşı yüksəkdir.
Maaş limitində boşluq yaratmaq üçün adları sadalanan hücumçulardan ən azı biri “Dinamo”nu tərk etməli olacaq. Rəhbərlik Andriçlə Yuriçi icarəyə vermək variantı üzərində durub. Ancaq onların Zaqreb klubunda aldığı pulu heç bir komanda ödəməyə boyun olmur.
Qeyd edək ki, “Dinamo”ya qış fasiləsində “Legiya”dan keçən Mahir Emreli Xorvatiya çempionatında 2 qol vurub.