“Durumumuz komanda olaraq, bizi qane eləmir” - Kərim Diniyev
02.12.2019 - 11:27
“Durumumuz komanda olaraq, bizi qane eləmir” - Kərim Diniyev

"Təbii ki, bu mövsüm az oynamağım məni qane eləmir. Amma səhvi yalnız və yalnız özümdə axtarmalıyam".

Bunu apasport.az saytına açıqlamasında "Sabah"ın müdafiəçisi Kərim Diniyev deyib.

Mərkəz müdafiəçisi bu mövsüm biri start heyətində olmaqla, cəmi 3 oyunda meydana çıxıb və 157 dəqiqə top qovub. "Sabah" onun meydanda olduğu görüşlərdə uduzmayaraq, 2 qələbə qazanıb, 1 oyunda heç-heçə edib. 26 yaşlı futbolçu durumundan məmnun olmasa da, müqaviləsinə sona qədər əməl edəcəyini deyib: "Müqaviləm var, mövsümün sonuna kimi "Sabah"ın üzvüyəm və getməyi düsünmürəm. Ötən oyun start heyətdə idim və qələbə qazanmışıq. İnşallah, mənim üçün hər şey yoluna düşür".

"Sabah”da bugünlərdə reallaşan baş məşqçi dəyişikliyi də K.Diniyevi daha çox şans qazanacağına ümidləndirib: "Yeni baş məşqçi Jelko Sopiç demək olar ki, komandaya uyğunlaşıb. Düzdür, hər yeni gələn məşqçiyə vaxt lazımdır. Hər məşqçinin komandaya öz oyun fəlsəfəsini aşılaması, sistemin oturması üçün zaman tələb olunur. Onun rəhbərliyi altında hər şeyin bizim üçün yaxşı olacağına inanırıq. Sopiç məşqlərdə ciddi, tələbkar bir məşqçidir. Belə olması çox yaxşıdır".

Millinin sabiq baş məşqçisi Şahin Diniyevin oğlu olan və qardaşı Coşqunla birgə "Sabah"da çıxış edən müdafiəçi komandasının çempionatdakı nəticələrinə də toxunub: "Builki durumumuz komanda olaraq, bizi qane eləmir. Çünki həqiqətən də komandanın potensialı daha da artığına, yuxarı yerlərdə olmağa imkan verir. Həyətimizdə yaxşı futbolçular var. Hansı ki, ayrı-ayrılıqda hər birinin ustalıq səviyyəsi yüksəkdir. Sadəcə, bizdə sabitlik çatmır. Bu da komanda olaraq, təcrübəsiz olmağımızdan irəli gəlir. İnanıram ki, zaman keçdikcə daha yaxşı olacaq".

0
Kərim Diniyev Sabah